6 vəhşi itin arasından sağ çıxan baytar xanım: İnsanlarda olmayan məsumluq heyvanlarda var (MÜSAHİBƏ)

6 vəhşi itin arasından sağ çıxan baytar xanım: İnsanlarda olmayan məsumluq heyvanlarda var (MÜSAHİBƏ)


16:31     17 Dekabr 2018 2018/12/SAH_9462_3090101078.jpg


Bəzən onlar bizim ən sadiq dostumuz, bəzən isə ən qəddar düşmənimizdir. Bəzən bizdən qayğı gözləyirlər, bəzən yemək, bəzən də həyatlarını xilas etməyimizi... Müsahibimiz də elə heyvanların həyatını xilas etməyi özünə peşə seçmiş biridir. Çiçək Süleymanova həm Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçisi, həm də Bakıda özəl baytar klinikalardan birində həkimdir. Femida.az növbəti xanım qəhrəmanla müsahibəni təqdim edir.


- Baytar həkimliyə sevginiz hardan yarandı?
- Əslində heç vaxt düşünməzdim ki, gələcəkdə baytar həkim olacam. Uşaqlıqdan evimizdə heyvan saxlamışıq. O vaxtdan heyvan sevgim olub. Əsas məqsədim insan həkimi olmaq idi. Hazırda isə düşünürəm ki, yaxşı ki, baytar olmuşam. Mən özümü bu sahədə tapmışam. Universitet vaxtı bizi Türkiyəyə göndərdilər. Orada baytar həkimə qarşı, hörməti, diqqəti gördükdən sonra tam əmin oldum ki, baytar həkim olacam.

- Bu seçimə görə ətrafda və ya ailənizdə sizi qınayanlar oldumu?
- Ailədə qınayan olmadı. Çünki babam da, əmim də baytar həkimdir. Amma ətrafımdakı tanışlardan qınayanlar oldu. Qıza uyğun sənət olmadığını düşündülər. Mən isə bunların heç birinə fikir vermədim.



- Ailəniz sizi kim kimi görmək istəyirdi?
- Əslində ailəmin arzusu idi ki, insan həkimi olum. Hətta anam hələ də “bəlkə gec deyil” deyir. Hər dəfə klinikadan evə gələndə əlimdəki yaraları, cızıqları görəndən sonra deyir, bəlkə ixtisasını dəyişib insan həkimi olasan. Ancaq daxilimdəki qüvvə mənə mane olur ki, ixtisasımı dəyişim.

- Özünüz heyvan saxlayırsız?
- İndi yox, amma əvvəllər çox saxlamışam. Cücə, tısbağa, pişik və s. Gün ərzində heyvanlarla o qədər görüşürəm ki, artıq heyvanlarla bağlı istəyim tam təmin olunur və evə gələndə insanlarla ünsiyyətdə olmağa çalışıram.

- Heyvan əməliyyatı necə keçir?
- İnsan əməliyyatı necə aparılırsa, heyvan əməliyyatı da eyni cür aparılır. Əməliyyatöncəsi hazırlıq prosesindən tutmuş əməliyyatın sonuna kimi tam eynidir. Narkoz verilməsi, steril şərait və s. Bir fərq var ki, heyvanlar narkozdan daha tez ayılır, nəinki insanlar. Azərbaycanda az sayda həkim cərrahi əməliyyatla məşğul ola bilir. Hətta hər baytar həkim də istənilən əməliyyatı edə bilmir. Sümük əməliyatları, daxili onkoloji əməliyyatlar daha çox təcrübə və cərrah qabiliyyəti tələb edir.
Əməliyyat zamanı kəsiklər, qan, tikiş və s. kimi proseslər olur. Bunlar insani hissləri olan hər kəsə təsir edə bilər. Amma biz emosionallığa qapılsaq, peşəkarlıqdan uzaqlaşmış olarıq. Düzdür, ilk dövrlərdə bunlar mənə pis təsir edirdi. Amma zaman keçdikcə müəllimlərimiz peşəkarlığı bizə ötürə bildi. Nəticəyə köklənəndə, heç bir emosionallığa qapılmırıq.



- İnsan ağrı hiss edərkən, bunu dilə gətirib deyir, yaxud bunu hər hansı formada reaksiya verərək hiss etdirir. Amma heyvanlar bunu göstərə bilmir, danışa bilmir. Siz onların ağrıdığını necə başa düşürsüz?
- Ağrı elə bir hissdir ki, orqanizmin bütün reaksiyalarını ayağa qaldırır. Heyvan ağrıdığı zaman süs vəziyyətində qalır, yaxud bədənini bir yerə doğru çəkib dayanır. Biz heyvan sahibinin verdiyi məlumatlar əsasında işləyirik. Geniş fonda ağrı varsa, heyvan öz səsi ilə, hərəkəti ilə kənardakılara göstərir ki, onun bədənində ağrı var.

- Ölümlə nəticələnən əməliyyatınız olub?
- Xeyr. Hələ ki, heç bir əməliyyatımın sonunda ölümlə yekunlaşanı olmayıb. Amma özümün uğursuz saydığım əməliyyatlar olub. Məsələn, gözlədiyimidən artıq qanaxma olub. Əməliyyatdan sonra müəyyən şəkildə ağırlaşmalar müşahidə etmişəm. Amma nəticə olaraq heyvan 3 günə sağalacaqdısa, 5 günə sağalıb.



- İnsanlarda görmədiyiniz hansı keyfiyyəti heyvanlarda görürsüz?
- İnsanlarda görməyib heyvanlarda gördüyüm ən əsas keyfiyyət məsumluqdur. Heyvanın gözündə yalan görə bilməzsiz. Bəzən heyvan həddən artıq ağır vəziyyətdə klinikaya gətirilir. Sənə elə əzabla baxır ki, sanki “qurtar məni” deyir. Hiss olunur ki, heyvan uzun müddətdir əzab çəkir. Amma sahibindən soruşanda “nə vaxtdan belədir”, deyir, “dünən axşam olub”. Bu standart ssenaridir. İnsanların dediyi yalanı heyvan təkzib edir. Heyvanlar insanları tanıyırlar. Əgər qarşısındakı yaxşı insandırsa, ona yanaşırlar, oynamaq istəyirlər. Ancaq daha çox kinayə hiss etdiyi insanlara qarşı aqressiya yaranır.

- Olubmu ki, müayinəyə gətirilən heyvan aqressiv olub və siz ona yaxınlaşmağa qorxmusuz?
- Belə hallar çox olur. Sahibi deyir çox sakit heyvandır. Amma biz ona əlimizi yaxınlaşdıran kimi it istəyir, əlimizi göydə tutub parçalasın. Bir də bu, heyvanların dominantlıq xarakteri ilə bağlıdır. Əgər biz müyinə üçün onların evinə gediriksə, orada aqressiv olurlar, klinikada isə daha sakit olurlar. Yaxud sahibi yanında olanda hücum etməyə çalışır, tək olanda isə sakit dayanır.

- Bu sahədə başınıza gələn maraqlı bir hadisəni danışardız...
- Bir dəfə 5-6 pitbull cinsli itdə dəri problemi yaranmışdı. Məni həmin yerə göndərdilər ki, onlardan dəri nümunələri götürüm. İtlərə baxan dedi ki, siz onlara yaxınlaşa bilməyəcəksiz. Həqiqətən də bu mümkünsüz görünürdü. Çünki pitbulların sinir sistemi elədir ki, onlar yaxınlaşan şəxsin dostcasına, yoxsa düşməncəsinə yanaşdığını yəqin edə bilmir. Əsas hədəfləri hücum etməkdir. Bu halda dəridən nümunə götürmək isə çətin idi. Birbaşa kontakt və dərinin çərtilməsi lazım gəlirdi. İtlərə yaxınlaşdıqca içimdə qorxu daha da çoxalırdı. Qəfəsin arxasından itlər mənə yem kimi baxırdılar. Amma bir dəfə oxumuşdum ki, əgər sən vəhşi heyvana əvvəlcə öz qoxunu ötürsən, sənə qarşı yadlıq hissi yaranmır. Əlimi qəfəsə söykədim, gəlib iylədilər, dah sonra digər əlimi qoydum və bu prosesi 15 dəqiqə davam etdirdim. Ardınca içəri girdim, içimdə hələ də qorxu var idi. İtlər başıma yığışdı, məni qoxladılar və budur, onlar sakit dayanıb əlimi yalamağa başladılar. Mən də çox rahat şəkildə nümunələri götürdüm və çıxdım.



- Burada şans amilinin rolu var idimi?
- Əlbəttə, bu həm də şans məsələsidir. Biz internetdə görürük, baytar həkimlər uğursuz cəhdlərin qurbanı olur. Əsasən vəhşi təbiət heyvanlarının hücumuna məruz qalırlar.
Odur ki, artıq bəzi ölkələrdə baytar həkimlərin odlu silah daşımasına belə icazə verilir. Onlar öz həyatlarını təhlükəyə atdığı üçün həm silah, həm keyidici iynələr gəzdirə bilirlər. Biz isə vəhşi təbiətlə işləmədiyimiz üçün buna çox ehtiyac duymuruq. Ancaq bizdə də vəhşi təbiətlə işləmə planları var. Bu plan reallaşanda yəqin ki, bizə də müvafiq icazələr veriləcək.

- Olubmu heç küçədə gedərkən bir heyvanın çətin vəziyyətdə olduğunu görmüsünüz və ona yardım etmisiniz?
- Küçədəki heyvanların əsas problemi aclıqdır. Ac heyvan görəndə yemləyirəm. Yaxud görmüşəm ki, gözündən su gəlir və ya xəstə görünür. Bu zaman ən yaxın aptekdən dərman alıb ona yerindəcə yardım etmişəm.



- Bu günə qədərki ən çətin əməliyyatınız?
- Çətin əməliyyat itlərin doğuşu zamanı olur. Çünki insan doğuşundan fərqli olaraq, itlər eyni anda 10-11 bala verə bilir. Təsəvvür edin insan cərrahının bir dəfə etdiyi prosesi biz 10-11 dəfə edirik. Çox yoruluruq. Amma o balanın səsini eşidəndə bütün yorğunluğumuz çıxır.

- Xəz dərili heyvanların kürkünü geyinirsiz?
- Təbii ki, yox. Çünki onun hazırlanmasında canlı heyvanlardan istifadə olunur. Qətiyyən bunun əleyhinəyəm. Yaxud faytona heç vaxt minmirəm. Çünki orada heyvan əməyindən istifadə olunur. Digər bir qadağam isə sirkə getməməkdir. Sirkdə heyvanlar insanları əyləndirə bilər. Amma onlara bu prosesdən keçmək üçün çox böyük işgəncələr verirlər.

- Ət yeyirsiz?
- Bəli.

- Bir növ öz xəstələrini yemək necə hissdir?
Bu təbii bir tələbatdır. İnsan ətdən aldığı proteini başqa qidadan ala bilmir. Bir insan olaraq, buna ehtiyacımız olduğu üçün yeyirəm. Ət yeməmək insanın öz seçimidir. Peşə ilə əlaqəsi yoxdur. Əksinə düşünürəm ki, baytarlar ət yeməlidir ki və insanlara göstərməlidir ki, ət yeməkdə heç bir problem yoxdur.

- İnsanların hansı yanaşması sizi narahat edir?
- Bəzən insan həkimləri ilə ortaq işlərimiz olur. Onlarda bəzən heyvanlara qarşı bu yanaşmanı görürük: “Heyvandır da, ölüb ölüb”. Bu yanaşma çox insalarda var. Amma biz baytarlar üçün bu yanaşma yoxdur.



- Xanım olaraq bu işin öhdəsindən gəlmək çətin deyil?
- Baytarlıqda fiziki qüvvə tələb edən işlər çox olduğu üçün adətən bu sahədə həkimlər kişilər olur. Gecələr yuxusuz qaldığım vaxtlar çox olub. Bir dəfə gecə zəng gəldi ki, pişik 15-ci mərtəbədən yıxılıb, pis vəziyyətdədir. Gecə isə heç bir baytarlıq klinikası açıq olmur. Ailəm, xüsusilə qardaşım bu işdə mənə həmişə dəstəkdirlər. Qardaşımla birlikdə gecə hadisə yerinə getdik, pişiyə iynə vurduq. Səhərə kimi klinika gəzdik. Pişik bütün gecə qucağımda əziyyət çəkdi. Sonda bir klinika bizi qəbul etdi. Təssüf ki, gec idi. Ağciyərində qanaxma səbəbindən biz onu itirdik. Çox pis olmuşduq.

- Şəxsi həyatınıza görə bu işi atarsız?
- Əslində mənim işim şəxsi həyata mane olan bir iş deyil. Amma yenə də düşünürəm ki, heç bir iş insanı məcbur etməməlidir ki, ailəsini ikinci planda qoysun. Hazırda ailəm bu barədə mənə yüklənmir. Elə mənim tibb sahəsini seçməyimin səbəblərindən biri də budur. Mən şəxsən ailəni işə qurban verməzdim. Qadın cəmiyyətdə nə qədər uğurlu olsa belə, qapını açıb evə girdikdən sonra ana və həyat yoldaşıdır. Bunu heç kəs dəyişdirə bilməz.



- Dövlətdən hansı dəstəyi istəyərdiz?
- Həm Kənd Təsərrüfatı Nazirliyi, həm Qida Təhlükəsizliyi Agentliyi gənc baytarlara böyük dəstək göstərir. Digər sahələrə nisbətən bizim üstünlüyümüz odur ki, görülməyən işlər çoxdur. Bu gün mənim hər hansı maraqlı bir ideyam müəyyən problemlərin həllində yardımçı ola bilər. Dövlət öz işini görür. Bizim üstümüzə düşən isə düzgün fikirlərlə problemlərin həlli üsullarını tapmaqdır.

- Heyvan sahibləri ilə problem yaşadığınız hallar olubmu?
- Çox olmayıb. Adətən çalışıram ki, problemi onların başa düşəcəyi formada izah edim. Çünki heyvan saxlayan insanlar digər insanlara nisbətən çox emosional olurlar. Onlar kiçik problemi belə böyüdə bilirlər. Gün ərzində 40-50 insanla ünsiyyətdə oluruq. Biz xəstələnəndə həkimə tək gedirik. Amma bəzən bir pişiyi klinikaya 5 nəfər gətirir və onların hər birinə ayrı-ayrı problemi izah etməli oluruq.



- Hər hansı toyda, məclisdə və s. baytar həkim olduğunuzu biləndə sizdən uzaq durmağa çalışan insanlar olurmu?
- Çox rastlaşmamışam. Çünki həmişə əməliyyatdan sonra steril olmağa çalışıram. Amma onu deyim ki, xüsusuilə iribuynuzlu heyvanlarla işləyən baytarlar nə etsələr də, onların üzərindən müəyyən dərəcədə qoxu gəlir. Bu qaçılmazdır. Rayonlara gedəndə bunu xüsusilə görmək olur. Amma mən adətən ev heyvanları ilə işləyirəm deyə bu problemi çox yaşamıram.

- Peşman deyilsiz ki, bu sənəti seçdiyiniz üçün?
Xeyr, qətiyyən. Əksinə düşünürəm ki, bu sahədə inkişaf üçün daha nələr edə bilərəm. Xaricdə baytarlığı bitirib 5 il işlədikdən sonra sən baytar həkim adını alırsan. Bizdə isə diplom aldınsa, artıq həkimsən. Amma zənnimcə diplom almaq hələ baytar həkim olmaq demək deyil. Bu gün mən də özümü həkim yox, bu yolda gedən biri kimi görürəm. Hazırda gəncəm, enerjiliyəm deyə yeniliklərə can atıram. Düzdür, hər insanın görə biləcəyi başqa işlər də var. Amma mən bu sahədə az da olsa, nəsə edə bilmişəmsə, geri çəkilmək yox, irəli gedəcəm. Həm Azərbaycan baytarlığı üçün, həm öz şəxsi inkişafım üçün çalışacam.

Müxbir: Amin Nəzərli
Foto: Şahin Sərdarov

Femida.az

Açar sözlər: #müsahibə   #femida   #baytar   #həkim   #heyvan   #AQTİ   #klinika   #tibb   #səhiyyə  

Oxunub: 2502