Millət vəkillərindən repetitor və çanta etirazı


15:54     18 Dekabr 2018 milli-meclis.jpg

Dünya Bankının son acıqlamasına əsasən, əhalinin təhsillə əhatələnməsinə görə region ölkələrindən 2 dəfə geriyik. Bizim komitə bir neçə sanballı qanun layihəsi hazırlayıb və “Ümumi təhsil” haqqında qanun layihəsi də bunlardan biridir.


Femida.az xəbər verir ki, bu fikirləri parlamentdə “Ümumi təhsil” haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat bildirib ki, indiyə qədər bu məsələni hökumət üzvlərinin diqqətinə çatdırıb:

“Konseptual baxımdan müzakirə edilən qanun layihəsinə səs verəcəyəm. Amma burada ümumi təhsilin əsas problemləri öz həllini tapmayıb. Bu gün Azərbaycanda ümumi təhsilin əsas problemi repetitorluqdur. Yəqin ki, İsa müəllim də bunu bilir. Ancaq bu problemin necə aradan qaldırılması ilə bağlı qanunda tənzimləyici mezanizm görmürük. İstənilən ali məktəbə gedib auditoriyadan soruşun ki, kim repetitor yanına getmədən universitetə qəbul edilib. Ola bilsin ki, cəmi 1-2 nəfər belə adam tapıla bilər. Mən açıq deyirəm ki, repetitorluq valideynlərin büdcəsinə xeyli ziyan vurur. Hətta elə valideynlər var ki, uşaqlarını normal qidalandırmır, övladlarının ali təhsil alması üçün olan pulunu repetitora verir. Ona görə də bu qanunda belə bir məsələ öz əksini tapmalıdır ki, orta məktəb müəllimlərinin əmək haqqı orta aylıq əmək haqqından az olmasın. Digər tərəfdən repetitorluq dövlət tərəfindən qəbul olunursa, deməli, bu tənzimlənmir. Yox, əgər dövlət bunu qəbul etmirsə, onun aradan qaldırılması istiqamətində ciddi addımlar atmalıdır. Bu addımları atmaq hökumətin borcudur”.

Q.Həsənquliyev ikinövbəli tədrisin ümumi təhsilin digər problemi olduğunu da bildirib.

“Əslində bu, dünyadan çoxdan yığışdırılıb. Bunun üçün də Azərbaycanda yeni məktəblər tikilməlidir. Məktəb tikintiləri dövlət tərəfindən vergi güzəştləri yolu ilə stimullaşdırılmalıdır. Və bu, qanunda bu öz əksini tapmalıdır. Hesab edirəm ki, bu tip məsələləri həll etmədən lazımı nəticələrə nail ola bilməyəcəyik”.

Deputat qeyd edib ki, alimlərin və təhsil müəssisələrinin sayına görə Azərbaycan region dövlətlərindən geridə qalır:

“Bunun aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Bu gün Fransada etiraz edən “Sarı jiletlilər”in tələblərindən biri də ali müəssisələrə qəbulun sadələşdirilməsi ilə bağlıdır. Azərbaycanda da ali məktəblərə qəbul sadələşdirilməlidir. Və ali məktəblərə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə uyğun aparılmalıdır. Bu, bütün dünyada belədir. Axı biz niyə bu addımı ata bilmirik, mən doğurdan da başa düşə bilmirəm. Sizi əmin edim ki, bu addımlar atılacağı təqdirdə repetitorluğun da qarşısı ciddi şəkildə alınacaq. Bu fundamental məsələləri həll etməsək, nə qədər qanunlar qəbul etsək də, problemin köklü həllinə nail ola bilmərik”.

Komitə sədri Siyavuş Novruzov da təhsillə bağlı bəzi tənqidi fikirlər səsləndirib. O deyib ki, bəzən 3, 4, 5-ci sinifdə təhsil alan şagirdlərin çantalarının ağırlığı 12-13 kiloqram olur:

“Şagirdlər bu ağırlıqda çantaları apara bilmirlər. Bəzən onlara çantadaşıyan da tutmaq lazım gəlir. Hesab edirəm ki, bununla bağlı da tədbir görülməlidir”.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 686