AQTA media nümayəndələri üçün təlimə start verib


17:12     18 Dekabr 2018 2018/12/DSC00-1545137212_1545138727.jpg

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən jurnalistlər üçün “Qida təhlükəsizliyi üzrə media təlim”ə start verilib.

AQTA-dan Azvision.az -a verilən məlumata görə, məqsəd media nümayəndələrinin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq və Agentliyin qida təhlükəsizliyinin təbliği istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır.

3 gün davam edəcək təlimin birinci günündə 30-a yaxın media nümayəndəsi iştirak edib. Təlimdə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin KİV-də işıqlandırılması zamanı obyektivliyin, şəffaflığın təmin olunması və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsində medianın rolu, qida təhlükəsizliyinin təmin olunması, heyvan sağlamlığı və baytarlıq, eləcə də bitki sağlamlığı və fitosanitar nəzarətinin təşkili, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subkeytlərinin qeydiyyat prossesi və onlarla əməkdaşlıq, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində aparılan dövlət nəzarəti tədbirləri barədə media nümayəndələrinə ətraflı məlumat veriləcək.

Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və mütəxəssislərin təqdimatları ilə davam edəcək təlimlərdə, jurnalistlər qida təhlükəsizliyi sahəsində təbliğat və maarifləndirmə, sağlam qidalanmanın təşviqi istiqamətində Agentliyin gördüyü işlər barədə ətraflı məlumatlandırılacaq. Təqdimatlardan sonra sual-cavab sessiyasında media nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.

Təlimin ilk günündə heyvan sağlamlığı və baytarlıq sahəsində həyata keçirilən tədbirlər çərçivəsində qanunsuz heyvan kəsimi ilə bağlı görülən işlər, aparılan maarifləndirmə tədbirləri, müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı qarşıya qoyulan əsas hədəflər jurnalistlərin diqqətinə çatdırılıb. Onlara heyvan kəsimi sahəsində beynəlxalq təcrübə və Agentliyin bu istiqamətdə atacağı addımlar barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təmin olunması və qida təhlükəsizliyi sahəsində maarifləndirilməsində media institutları ilə sıx əməkdaşlıq edir və jurnalistlərin bu sahədə biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.

Açar sözlər:

Oxunub: 774