MTN işində Əhəd Abıyev epizodu - Körpünün pulu necə oğurlanıb?!

MTN işində Əhəd Abıyev epizodu - Körpünün pulu necə oğurlanıb?!


22:50     18 Dekabr 2018 ehed%20abiyev9.jpg

Həbsdə olan keçmiş MTN generallarına verilən ittihamlardan biri də Daşkəsən rayonu, Qabaqtəpə-Astav yolunda körpülərin tikintisi üçün dövlət büdcəsindən ayrılmış 2 milyonun 686 min manatının ələ keçirilməsilə bağlıdır. Daşkəsənin icra başçısı, keçmiş deputat Əhəd Abıyev də bu məsələ ilə əlaqədar prokurorluqda dindirilib, məhkəməyə çağrılıb.



Femida.az -ın məlumatına görə, “Yeni Müsavat” yazır ki, iddiaya görə büdcədən ayrılan vəsait tikintini həyata keçirəcək “Design Construction” şirkətinin hesabına köçürüləndən sonra şirkətin əməkdaşı Natiq Fətəliyev pulu bankdan götürüb, icra hakimiyyətilə onların arasında vasitəçilik edən Yeganə Abbasovaya verib. Vasitəçilik edib, bu işi düzüb-qoşduğuna görə onun özünə də əlavə 2 min manat verib. Y.Abbasova da bankdan götürülmüş pulu bağlamada gətirib Daşkəsən Rayon İcra Hakimiyyətinin memarı Elman Məmmədova verib. Onlar ayrılandan az sonra MTN əməkdaşları E.Məmmədovu tutub MTN-ə aparıblar. Məsələdən xəbər tutan icra başçısı Əhəd Abıyev gecə saatlarında MTN-ə gəlib, öz əlaqələrindən istifadə edərək, işçisini buraxdırıb.

Həbs olunan MTN vəzifəlilərindən polkovnik Füzuli Əliyev isə deyir ki, bu məsələ barədə ittihamda yazılanlar başdan-ayağa yalandır: “Bu ittiham epizodu saxtadır, yapışdırmadır. O məsələ açıq-aşkar “obnaliçka” idi. Guya, “Design Construction” körpü tikməliydi, ona görə büdcədən tikinti üçün ayrılmış vəsait onların hesabına köçürülmüşdü. Tamamilə yalandır. Şirkət guya Daşkəsən Rayon İcra Hakimiyyətilə müqavilə bağlayıb. Bizim işimizə Bakı Hərbi Məhkəməsində baxılanda, şirkətin rəsmi rəhbəri Mehman Quliyevi çağırıb dindirdilər. O, dedi ki, nə Daşkəsən, nə Yeganə, nə də Əhəd Abıyevi tanıyıram. Atakişi Məcidov da gəlib məhkəmədə dedi ki, Daşkəsənə sənəd aparmayıb, ömründə bu rayonda olmayıb. 686 min manat gəlib bunların əlinə haradan düşüb, bilinmir”.

F.Əliyev deyir ki, Əhəd Abıyevi dəfələrlə məhkəməyə çağırdılar, gəlmədi. Axırda da məhkəməyə teleqram göndərib, bildirdi ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur: “Yeganə Abbasova da gəlib dedi ki, heç nədən xəbəri yoxdur, onkoloji xəstədir. Müstəntiq çağırıb, özü yazıb-pozub, buna da qol çəkdirib. Orada nə yazıldığını da bilmir”.

“Dövlətin pulu narkotik istifadəçilərinə etibar olunurdu”

Təqsirləndirilən MTN polkovnikinin sözlərinə görə, “obnaliçka” əməliyyatında icra hakimiyyəti tərəfdən iştirak edən memar Elman Məmmədov əvvəllər bir neçə dəfə saxta sənəd hazırlama və istifadə etmə, vəzifə saxtakarlığı, səlahiyyətlərdən sui-istifadə və özgənin uşağını dəyişdirmə maddələri ilə məhkum olunub: “Təsəvvür edin, başqasının uşağını dəyişdirməyə görə məsuliyyətə cəlb olunmuş belə bir adam gəlib məhkəmədə bizim üzümüzə durur”.

F.Əliyev bildirib ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşıyla bağlı məsələ MTN-nin “obnaliçka” əməliyyatlarına qarşı mübarizəsi çərçivəsində həyata keçirilmişdi: “2014-cü ilin əvvəlində rəhbərliyin göstərişi əsasında biz bu istiqamətdə mübarizəyə başladıq. Büdcəni doldurmaq mümkün olmurdu. Hərə bir yandan dağıdırdı. Bu məsələdə valyutadəyişmə məntəqələrindən də geniş istifadə olunurdu. Zərərçəkmiş var, Kamal Seyfullayev. Guya iş adamı olub, biz də ondan 2 milyon tələb edib almışıq. Nə sahibkar, kirayə qalırdı, evi də yox idi. O, “obnaliçka” ilə məşğul olanların ağsaqqalı sayılırdı. Bunu müəyyənləşdirib tapdıq. Narkotik qəbul eləmişdi. Ona görə də, səhərə qədər danışdıra bilmədik. 90-cı illərdə narkotikə görə həbs olunmuşdu. Dövlətin pulu belə adamlara etibar olunurdu, biz də bunun qarşısını almağa çalışırdıq”.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyevə 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər, Əməliyyat-texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov isə, 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Sabiq MTN generallarının apellyasiya şikayəti üzrə məhkəmə dekabrın 20-də davam edəcək.

Açar sözlər:

Oxunub: 592