AQTA-dan sahibkarlara sonuncu XƏBƏRDARLIQ


12:28     19 Dekabr 2018 18_12_19_1545208227.jpg


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində çalışan sahibkarları qida təhlükəsizliyi qeydiyyatından keçməyə çağırır.

Femida.az xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən AQTA-nın Qeydiyyat və sahibkarlarla iş şöbəsinin müdiri Orxan Mikayıl bildirib ki, Agentlik tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılıb:

"Prosedur kifayət qədər asan olsa da indiyədək qida sahəsində fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri qeydiyyatdan keçmək üçün müraciət etməyiblər.

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (maddə 7), Azərbaycan Respublikasında qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır. Yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir".

Orxan Mikayıl əlavə edib ki, qanunun 7.3-cü maddəsinə əsasən Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır: "Odur ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə çağırış edir ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirsinlər və qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün Agentliyə müraciət etsinlər. Əks halda, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı, qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər həyata keçiriləcək".

Femida.az

Açar sözlər: #AQTA   #AQTİ   #Qida   #sahibkar  

Oxunub: 1092