SSRİ-nin "mədəni dağılması" - MDB-nin yaradılmasından 27 il ötür


11:53     21 Dekabr 2018 18_12_21_1545378756.jpg


Bu gün MDB kimi tanınan Müstəqil Dövlətlər Birliyinin rəsmən yaranmasından 27 il ötür. SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlikdir. Femida.az-ın məlumatına görə, Təşkilatın yaradılması barəsində ilkin razılıq 8 dekabr 1991-ci ildə olsa da, qurum rəsmən 21 dekabrda yaradıldı.


Belovej razılığı

8 dekabr 1991 tarixdə Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, Belarusiya və Ukrayna tərəfindən saziş imzalanıb. Onlar Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan ediblər. Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilməlidir. Çünki SSRİ konstitusiyasının göstərişinə görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi (hərçənd ki, bir qədər əvvəl xalq bunu etmişdi. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdi). Lakin B. Yeltsin, L. Kravçuk və S. Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar. Qeyd edək ki, bu müqavilənin əsli "itirilib". Heç bir dövlətin arxivində yoxdur. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.

Azərbaycanın MDB-ə daxil olması

8 dekabrdakı ilkin razılıqdan sonra 21 dekabrda Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan da Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər. Bu razılaşma SSRİ-nin "mədəni dağılması", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.
Azərbaycan Parlamenti bu qərarı 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra qurumdan çıxdı. Ukrayna eyni səbələ 2014-cü ilin martında MDB-ni tərk etdi. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.



Fəaliyyət istiqaməti

Qurumun nizamnaməsində dövlətlərin aşağıdakı birgə fəaliyyət sahələri vurğulanır:
• İnsan hüquq və azadlıqlarının təmin olunması;
• Xarici siyasət fəlaiyyətinin əlaqələndirlməsi;
• Ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi;
• Əhalinin sağlamlığının və ətraf mühitin qorunması;
• Sosial və immiqrasiya siyasəti məsələləri;
• Mütəşəkkil cinayətkarlıqla mübarizə;
• Müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq.

MDB-nin Nizamnaməsinə görə, təşkilata yeni üzvlərin qəbul edilməsi üzvlərin birgə razılığı ilə əldə edilir.


MDB-nin əhatə etdiyi ölkələr

Ali orqan
MDB-nin ali orqanı Dövlət başçıları şurasıdır. Burada bütün dövlətlər yüksək səviyyədə təmsil olunurlar və birliyin ən vacib məsələləri müzakirə olunur. Şura ildə iki dəfə görüş keçirir. Hər-hansı bir dövlətin təşəbbüsü ilə növbədənkənar iclaslar çağrıla bilər. Dövlət başçıları şurası, aşağıdakı məsələlərə dair qərarlar qəbul edir: MDB-nin nizamnaməsində dəyişikliklər edilməsi, birliyin yeni orqanlarının yaradılması, MDB sturukturunun optimallaşdırılması, orqanların fəaliyyətinin təkmilləşdirilməsi, MDB orqanlarının fəaliyyəti haqqında hesabatların dinlənilməsi, orqanlara rəhbərlərin təyin edilməsi və s. Dövlət başçılarının şurasının qərarları ümumi həmrəylik - konsensus yolu ilə qəbul edilir. Hər hansı bir dövlət, hər hansı bir məsələdə maraqlı olmadığını qeyd edə bilər və bu qərarların qəbul edilməsinə təsir etməyəcək. Birlik çərçivəsində dövlətlərarası əlaqələrin əsas hüquqi bazası kimi, üzv dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr çıxış edir. MDB orqanlarına sədrlik, 1999-cu ildən etibarən hər üzv dövlət tərəfindən növbə ilə həyata keçrilir (maksimum 1 il müddətinə). Sədrdən əvvəlki sədr və sonrakı sədr onun müavinləri qismində çıxış edir.

Dövlət başçıları şurası ilə yanaşı təşkilatda Hökumət başçıları şurası, Xarici işlər nazirləri şurası, Əlaqələndirici-məşvərətçi komitə, Müdafiə nazirləri şurası və Birləşmiş Silahlı Qüvvələrin baş komandanlığı Sərhəd qoşunları komandanlığı şurası, İqtisadi məhkəmə, İnsan hüquqları komissiyası, Parlamentlərarası Assambleya da fəaliyyət göstərir. MDB-nin işçi dili rus dilidir. Qərargahı Minsk şəhərində yerləşir. Birliyin orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi xərcləri, dövlətlərin üzvlük haqları hesabına ödənilir. Üzv dövlətlər, öz nümayəndə heyətlərinin xərclərini özləri ödəməlidir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #MDB   #Rusiya   #SSRİ   #Azərbaycan   #siyasət  

Oxunub: 1610