Nazirlikdən iddialara CAVAB


11:19     22 Dekabr 2018 2018/12/inekler-1_6181852880.jpg

Özünüməşğulluq proqramının icrası ilə bağlı bəzi mətbuat orqanlarında dərc olunan iddialara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi münasibət bildirib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a daxil olan məlumata görə, özünüməşğulluq proqramına cari ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox olmaqla və əksəriyyəti xüsusi həssas qruplardan ibarət 7700-dən çox aztəminatlı ailə cəlb olunub. Bu şəxslərin sırasına 1300-dək məcburi köçkün, 1000-dək ünvanlı yardım alan, 300 nəfər müharibə veteranı, 1000-dən çox əlilliyi olan şəxs və digərləri daxildir.



Proqram iştirakçılarının mal və materiallarla təminatı satınalmalar üzrə qanunvericiliyin bütün tələblərinə uyğun şəkildə müqavilələr əsasında maddi-texniki və kadr potensialına malik şirkətlər tərəfindən həyata keçirilir. Artıq proqram iştirakçılarından 4 minə qədəri biznes-planlarına uyğun mal və materiallarla təmin ediliblər.

Onlar verilən mal-qaradan məmnun qaldıqları halda aktı imzalayaraq mal-qaranı qəbul edirlər. (Şəffaflığın, nəzarətin təmin edilməsi üçün həmin prosesin videoçəklişi də aparılır). Əks halda, həmin mal-qara yeniləri ilə əvəz olunur. Eyni zamanda baytarlar tərəfindən heyvanların sağlamlığını təsdiq edən rəy də verilir.



Bununla belə, son günlər bəzi media qurumlarının eyni məzmunlu məqaləni yaymaqla mühüm sosial iqtisadi əhəmiyyətə malik olan, dövlətin aktiv dəstəyi sayəsində minlərlə aztəminatlı ailənin yaşayışında müsbət dəyişikliklər yaradan, onların kiçik sahibkarlığa çıxışına imkan verən özünüməşğulluq proqramının icrasına ədalətsiz, qeyri-obyektiv yanaşmalarının şahidi oluruq. Cəmi bir neçə proqram iştirakçısının onlara təqdim olunmuş mal-qaranın guya xəstə, dişsiz, nəsil artırmağa yaramayan və s. olmasından şikayət etməsi barədə reallığa istinad etməyən, əsassız materiallar dərc etməklə həmin media qurumlarının əslində özünüməşğulluq proqramını, proqramın icrası işlərində atılan mühüm addımları gözdən salmaq cəhdləri açıq-aydın hiss olunur.

Məsələn, məqalədə Goranboy rayonu, Əlirzalı kənd sakini Ariz Dəmirovun ona verilən qoyunların qoca və dişsiz olmasından şikayət etdiyi qeyd olunur. Lakin mal-qara veriləndən sonra vətəndaşın razılıq və minnətdarlıqla mal-qaranı qəbul etdiyi, həmçinin onun ətrafında olan heyvanların sağlam olduğunu təsdiq edən videogörüntülər çəkilmişdir.



Yaxud, məqalədə adı gedən digər iştirakçı – Nəsimi Həsənovla (Astara) əlaqə saxlanarkən o verilən mallardan şikayət etmədiyini, əksinə aktivlərlə təmin edildiyinə görə təşəkkür etdiyini, müvafiq akta öz razılığı ilə imza atdığını, jurnalist sorğusuna verdiyi cavabın yalnış təqdim edildiyini, həmçinin videoçəkiliş zamanı razılığını vurğulayıb.

Əminliklə bildiririk ki, cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan özünüməşğulluq proqramını ləkələmək üçün göstərilən cəhdlər səmərə verməyəcək.



Femida.az

Açar sözlər:

Oxunub: 721