Öz xahişi ilə işdən çıxan şəxsə kompensasiya və işsizlik müavinəti DÜŞÜRMÜ?

Öz xahişi ilə işdən çıxan şəxsə kompensasiya və işsizlik müavinəti DÜŞÜRMÜ?


12:13     22 Dekabr 2018 18_12_22_1545466471.jpg


Femida.az öz xahişi ilə işdən çıxan şəxslərlə bağlı hüquqi maarifləndirici yazını təqdim edir:

Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi əmək müqaviləsini aşağıdakı qaydada öz istəyi ilə ləğv edə bilər:

- İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
- Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
- İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

Son haqq hesab

Qanuna edilən son dəyişikliklərə əsasən, öz xahişi ilə işdən çıxan şəxsə müavinət ödənilmir, yalnız sonuncu haqq hesab verilir. Yəni o, son əmək haqqı və istifadə edilməyən məzuniyyət pulunu alır. Belə ki, əvvəllər ona həm işə götürən tərəfindən kompensasiya, həm də məşğulluq idarəsi tərəfindən işsizlik müvinəti verilə bilərdi. Indiki halda ödənilməyən məzuniyyət pulu və qalan əmək haqqından başqa heç bir ödəniş edilmir.

Son haqq hesab dedikdə öz xahişi ilə gedənlərə ödənilən: sonuncu ayın əmək haqqı, əvvəlki aylardan qalmış işçiyə əməkhaqqı ilə bağlı ödəniləcək digər qalıq borclar və əvvəlki əmək məzuniyyətindən sonra işə başladığı iş günündən işdən ayrıldığı günədək olan orta əməkhaqqı üzrə hesaba alınan istifadə edilməmiş əmək məzuniyyəti haqqı nəzərdə tutulur.

Məzuniyyət pulu

Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə və əmək stajına görə əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Kompensasiya işdən azad olunan gün ödənilir.

İşçi il ərzində ona düşən məzuniyyət günləri üçün tam işləməyibsə ona bu günlərə düşən kompensasiya ödənilmir. Misal üçün, il ərzində işçiyə 21 gün məzuniyyət günü düşür, lakin, işçi bu ili tam işləməyibsə, o zaman, işlədiyi aylara görə ona mütənasib məzuniyyət günləri hesablanır.

Belə olduqda, müəyyən iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda işçiyə ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

İşçi bütün ili tam işləməlidir ki, tam bir ilə düşən məzuniyyət günləri hesablansın.
İş ili işçi tərəfindən tam işlənməyibsə, məzuniyyət günləri işlədiyi aylara görə mütənasib hesablanır. Belə olduqda, ayın yarısında az olan artıq günlər nəzərə alınmır, ayın yarısından çox olan artıq günlər 1 aya qədər yuvarlaqlaşdırılır.
İstifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiyadan ümumi qaydada gəlir vergisi və sosial tutulmalar çıxılır.

Öz ərizəsi ilə işdən çıxan şəxs Dövlət Məşğulluq Xidmətindan işsizlik müavinəti ala bilərmi?

Qanuna edilən son səyişikliklərə əsasən, bu mümkünsüzdür. Belə ki, əvvəllər işdən çıxarlıan şəxs son əmək haqqının 70 faizi məbləğində 6 ay işsizlik müavinəti ala bilərdi. İndi bu qayda yalnız müəssisə tərəfindən işdən azad edilən şəxslərə aid olunur.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #femida   #hüquq   #qanun   #vəkil   #maarifləndirmə   #əmək   #məcəllə   #iş   #işçi  

Oxunub: 2287