Sənaye müəssisələri Bakıdan kənara çıxarılacaq


18:07     24 Dekabr 2018 18_12_24_1545658083.jpg


"Bakının yeni baş planı hazırlanır, şəhərdə sıxlığın azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sənaye müəssisələrinin paytaxtdan kənara çıxarılması nəzərdə tutulur".

Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" mövzusunda keçirilən konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E.Əzizov qeyd edib ki, son 15 il ərzində Bakıda çox böyük quruculuq işləri həyata keçirilib, paytaxtın siması tamamilə dəyişib, dünyanın gözəl memarlıq üslubunda tikilən bir şəhərə çevrilib.

İcra başçısı bildirib ki, Bakının Prezident İlham Əliyevin layihələrində daim böyük yeri olub. E.Əzizov vurğulayıb ki, görülən işlər nəticəsində Bakı dünyanın ən böyük şəhərlərindən birinə, investorlar üçün ən cəlbedici məkanlardan birinə çevrilib, son bir ildə şəhərə 12 milyard manat investisiya qoyulub. İcra başçısı vurğulayıb ki, 2005-ci ildən Bakıda sənaye istehsalı 4 dəfə artıb.

E.Əzizov qeyd edib ki, ötən illər ərzində Bakıda avtmobillərin sayı 2 dəfə artaraq 663 minə çatıb. İcra başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq inkişaf edir. Onun sözlərinə görə, 2005-ci ildə Bakıda 40-a yaxın hotel olubsa, hazırda bu rəqəm 4 dəfə artıb. Bakı keçmiş sovet məkanında 5 ulduzlu hotellərin sayına görə ilk yerlərdə qərarlaşıb. İcra başçısı bildirib ki, təkcə bu il Bakını 2 milyondan artıq turist ziyarət edib və proqnozlara görə bu rəqəm artacaq. E.Əzizov vurğulayıb ki, 15 ildə Bakıda intensiv tikinti işləri aparılıb və bu gün də tikinti ilə bağlı müraciətlərin sayı artmaqdadır. Bu, Bakının inkişafından xəbər verir. İcra başçısı vurğulayıb ki, beynəlxalq agentliklərin reytinqinə görə, turistlər üçün Bakı memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən biri hesab edilir.

E.Əzizov qeyd edib ki, bu gün Bakıda salınan parklar böyük əraziləri əhatə edir, meqaparklar yaradılır:

"Paytaxtımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı öz tarixində heç zaman belə inkişaf görməyib. Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və paytaxtı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək".

Femida.az

Açar sözlər:

Oxunub: 389