Energetika Nazirliyi 2085 müraciətə, 107 inzibati işə baxdı - 1 il ərzində


09:27     25 Dekabr 2018 18_12_25_1545715799.jpg


2018-ci ilin yanvar-dekabr ayları ərzində Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı məsələləri ilə bağlı 2085 ərizə və müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, vətəndaşlar tərəfindən edilən müraciətlərin 979-u elektrik enerjisi, 618-i təbii qaz təchizatı, 488-i isə digər məzmunlu məsələləri əhatə edib.

Elektrik enerjisi təchizatı üzrə müraciətlərin 361-i elektrik sayğaclarının quraşdırılması və ödənişlərin hesablanmasında çətinliklərin yaranması, 123-ü enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtlərin verilməsi, 142-i enerji təchizatında yaranmış fasilələr, 162-i elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, 191-i isə elektrik enerjisinin verilişində yaranan digər çatışmazlıqlarla bağlı olub.

2018-ci il ərzində istehlakçıların qaz təchizatı ilə bağlı qeydə alınmış müraciətlərdən 87-i qaz xəttinə qoşulma, 76-ı qaz təchizatının dayandırılması və ya fasilələrlə verilməsi, 338-i sayğaclarda yaranan qüsurlar və izafi borcun yaranması, 117-i isə qaz təchizatında yaranmış digər problemlərə aid olub.

Bu dövr ərzində istehlakçılar tərəfindən nazirliyə ünvanlanan müraciətlərdən 1283-ü nazirlik və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb, 60-a yaxın müraciət müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Energetika Nazirliyinə daxil olan bütün ərizə və müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, elektrik enerjisindən və qazdan istifadə qaydalarına, elektroenergetika və qaz təchizatı haqqında mövcud qanunvericiliyə uyğun olaraq icra edilib.

Bundan başqa 2018-ci il ərzində Energetika Nazirliyində inzibati xətalar haqqında 107 işə baxılıb. Bunlardan 97-i təbii qazın, 10-u isə elektrik enerjisinin talanması ilə bağlı olub. 86 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən geri göndərilib.

Nazirlik tərəfindən aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına və təbii qazdan istifadə qaydalarının pozulmasına görə 7 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 4 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

Cari il ərzində elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına və gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulmasına görə 9 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə isə 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.

Xatırladaq ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazirliyin rəsmi internet səhifəsində “Elektron müraciət” bölməsi yaradılıb.

Femida.az

Açar sözlər: #energetika   #nazirlik   #müraciət  

Oxunub: 330