Ramiz Mehdiyevin kitabının təqdimatı olub


14:23     25 Dekabr 2018 2018/12/15457-3091464908_1545733486.jpg

Dekabrın 25-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni işıq üzü görmüş “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr – XVIII əsrin ilk dörddəbiri” kitabının təqdimatı keçirilib.

Təqdimatda universitetin rəhbərliyi, professor-müəllim heyəti, AMEA-nın institutlarının əməkdaşları iştirak ediblər. Tədbiri açan ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, akademik Ramiz Mehdiyevin on illərlə apardığı tədqiqatlarının çox məntiqli davamı olan bu kitab elmimiz, cəmiyyətimiz üçün çox aktual olan bir mövzuya həsr edilib. Qeyd edib ki, akademikin Azərbaycanın tarixi, mədəniyyəti, bu günü və gələcəyi ilə bağlı düşüncələrini, ideyalarını əks etdirən tədqiqatlarını konseptual şəkildə götürsək, bu mənada onun əsərlərini azərbaycançılıq adlandırmaq olar.

Akademik Ramiz Mehdiyevin onlarla bu cür əsərlərinin olduğunu vurğulayan K.Abdulla bunların hamısının bir sistem kimi bütövlükdə azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə həsr edildiyini deyib: “Bu əsərlər göstərir ki, bugünkü dövlətçiliyimiz qarşısında duran problemləri, onun fəlsəfəsini dərindən dərk edən bir filosof kimi Ramiz müəllim Azərbaycanın gələcəyinin qurulması ilə bağlı dövlət təcrübəsindən istifadə edən son dərəcə müdrik dövlət xadimidir. Onun bu gün dövlət xadimi kimi formalaşmasının ən əsas xüsusiyyətlərindən biri də on illərlə ulu öndər Heydər Əliyevin yaxın silahdaşı kimi fəaliyyət göstərməsidir. Ramiz müəllim müdrik bir filosof, alim, dövlət xadimi kimi Azərbaycan dövlətçiliyinin inkişaf etdirməsində bu gün də çalışır, elmi, fəlsəfi fəaliyyətini davam etdirir. Azərbaycanşünaslıq problemləri istər qədim dövrdə, istər XVI əsrdə, istərsə də bu gün Azərbaycan və onun ətrafındakı dövlətlərin münasibətinin öyrənilməsində aktuallıq kəsb edir ki, bu baxımdan akademik Ramiz Mehdiyevin erməni dövlətinin, dininin, cəmiyyətinin formalaşması ilə bağlı fikirləri son dərəcə maraqlıdır və azərbaycanşünaslıq istiqamətində aparılan araşdırmalara işıq saçan bir tədqiqatdır. Əsər Qriqorian kilsəsinin Səfəvi dövlətinə qarşı apardığı casusluq, dağıdıcılıq işlərinin aşkar edilməsi istiqamətində elmi, ictimai və dövlətçilik baxımdan son dərəcə qiymətlidir. Bu gün gənc nəsil bu kitablardan əsl Azərbaycan tarixini öyrənəcəklər. Onlar Ermənistan-Azərbaycan münasibətlərinin təkcə bu günü ilə deyil, həmçinin dünəni ilə də tanış olacaqlar. Bu günün nəticələrini dünənki günlə əlaqələndirərək gələcəyimiz üçün müəyyən nəticələr çıxaracaqlar”.

Tədbirdə çıxış edən ADU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının professorları Solmaz Rüstəmova-Tohidi, Niyazi Mehdi, “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının müdiri, professor Məmməd Əliyev və başqaları akademik Ramiz Mehdiyevin mötəbər elmi-tarixi mənbələr əsasında yazdığı yeni əsərinin çox maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki, bu əsərdə Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı apardığı pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv araşdırılması üçün böyük əhəmiyyət kəsb edir.

Sonra kitabla bağlı müzakirələr aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 647