Azərbaycanlıların olduğu gəmi saya oturdu - Agentlikdən son açıqlama


18:58     25 Dekabr 2018 2018/12/168CB656-7853-4CBB-8968-ECFC2FB7A306_1545760044.jpeg

Bu gün Krasnodar bölgəsinin Tamansk yarımadasında baş verən güclü qasırğa nəticəsində Monqolustan bayrağı altında üzən “Surov” gəmisinin saya oturması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.

Bu barədə Femida.az-a Agentlikdən bildirilib.

Məlumatda həmçinin bildirilib ki, Türkiyənin İskenderun limanından Rusiyanın Kavkaz limanına doğru hərəkət edən “Surov” gəmisində olan 11 ekipaj üzvünün doqquzu Rusiya və ikisi Azərbaycan vətəndaşıdır: “Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Milli Mərkəz tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, güclü qasırğa nəticəsində gəmi saya oturub və gəmi kapitanı tərəfindən Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə yardımla əlaqədar müvafiq qaydada müraciət daxil olub. Operativ şəkildə həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində ekipaj üzvləri təxliyyə edilərək “Uyut” mehmanxanasında yerləşdiriliblər. Xilas edilənlər arasında xəsarət alan yoxdur. Hazırda Azərbaycan vətəndaşı olan ekipaj üzvlərinin vətənə yola salınması üçün müvafiq sənədlərin rəsmiləşdirilməsi prosesi həyata keçirilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 735