“Milyonların necə ələ keçirildiyini ortaya çıxaracağam”


19:46     26 Dekabr 2018 hebsss6.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğlu, dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun məhkəməsi keçirilib.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə hökm oxunub.

R. Hüseynov son sözündə məmur övladlarının toruna düşdüyünü deyib: "Arif Əsgərovun oğlu Elnar Əsgərovun, Tovuz icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun oğlunun oyunlarına görə həbsdəyəm. Onlar indi kef edir, mən isə gün sayıram. Elnar ölkəyə gətirdiyi malı dövlətə dəfələrlə baha qiymətə satıb. Mənim adımdan ayrı-ayrı şəxslərdən milyonlar alaraq faiz verib. Arif Əsgərov bu işlər başlayandan sonra həmin adamlara 40 milyon ödəyib".

R. Hüseynov əlavə edib ki, Dəmir Yolu İdarəsindəki milyonlarla maxinasiyasını sübut edəcək sənədləri var: "Apellyasiya məhkəməsində milyonların necə ələ keçirildiyini ortaya çıxaracağam. Elnarla Qoşqar bacanaqdır. İndi onlar düşmən olub, buna görə də cəzanı mən çəkirəm. Məhkəmədən barəmdə bəraət hökmü çıxarmasını istəyirəm".

Məhkəmə kollegiyasının hökmü ilə Rahib Hüseynov 9 il azadlıqdan məhrum edilib. Daha əvvəl həbsdə qaldığı günlər bu müddətdən çıxılıb və üzərində qəti olaraq 6 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İttihama görə, R.Hüseynov "Azərbaycan Dəmiryolları" QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul "atıb". Lakin Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.

R.Hüseynov eyni maddə ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

Qeyd edək ki, təqsirləndirilən qardaşlar "Azərbaycan Dəmir Yolları" QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 399


Oxşar xəbərlər