“Kütləvi çıxarış” kampaniyası Sabirabadda


14:16     27 Dekabr 2018 2018/12/ha7-1545902596_1545905926.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş məmnunluğunu artırmaq məqsədilə ictimai xidmətlərdə sosial aksiyaları mütəmadi olaraq keçirir.

Komitədən Femida.az-a verilən xəbərə görə, “Kütləvi çıxarış”, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə xidmətin vətəndaşın ünvanına çatdırılması, mülkiyyət hüquqlarının geniş təminatı, vətəndaşların xidmətlərdən rahat və əlçatan formada istifadəsi, daşınmaz əmlakların çevik qeydiyyatı reallaşır.

“Kütləvi çıxarış” kampaniyası ilə vətəndaşlara birbaşa ünvanlarında, iş yerlərində hazır çıxarışlar təqdim olunur, qeydiyyat xidmətləri göstərilir. Komitə tərəfindən sosial əhəmiyyəti yüksək olan bu aksiyanın bayram ərəfələrində keçirilməsi isə ənənəvi hal alıb. “Kütləvi çıxarış” kampaniyası dekabrın 27-si Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Sabirabad rayonunda keçirilib. Bu sosial layihə rayonun 7 kəndində baş tutub. Belə ki, kampaniya Qalağayın, Nizami, Bulaqlı, Nərimankənd, Yastıqobu, Moranlı və Qaratəpə kəndlərini əhatə edib.

Bu günə təsadüf edən kampaniya bu dəfə də vətəndaşların bayram əhval-ruhiyyəsini artırıb. İctimai aksiya çərçivəsində göstərilən xidmətlərdən istifadə etmək istəyən 200-ə yaxın vətəndaş səyyar mobil ofislərə müraciət edib. Belə ki, keçirilən aksiya çərçivəsində 135 sakinə əmlaklarına dair hazır çıxarışlar təqdim olunub. Qeydiyyata alınmış daşınmaz əmlaklardan 26-sı fərdi yaşayış evi, 20-si həyətyanı, 89-u kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən 40-a yaxın vətəndaş isə hüquqmüəyyənedici sənədlərini komitə əməkdaşlarına təqdim ediblər. Sənəd qəbulu və hazır çıxarışların verilməsi ilə bərabər, sakinlərə hüquqi xidmətlər də göstərilib. Belə ki, daşınmaz əmlakın qeydiyyatı prosesi, tələb olunan sənədlərin siyahısı, dövlət rüsumu və xidmət haqları ilə bağlı vətəndaşlar məlumatlandırılıb.

Səyyar ofislərdə yaradılan müasir şərait ilkin qeydiyyat sənədləşdirməsi üçün qısa zamanda müvafiq çöl-ölçmə işlərinin aparılmasına yardım edir. Kampaniyanın bu üstünlükləri ilə bir sıra daşınmaz əmlakların texniki sənədlərinin hazırlanması üçün parametrlər müəyyən olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən səyyar qeydiyyat kampaniyalarının keçirilməsi həm paytaxt, həm də regionlar üzrə leqal daşınmaz əmlaklarının sayının artmasına səbəb olur. Vətəndaşlar sahib olduqları əmlakları daha aktiv və güvənli şəkildə iqtisadi əməliyyatlara cəlb edə bilir. Keçirilən sosial aksiyaların daha da genişləndirilməsi, səyyar xidmətlərdən istifadə edən vətəndaş sayının artırılması və bu prosesdə yeniliklərin tətbiqi ilə bağlı işlər davam etdirilir.

Qeyd edilməlidir ki, cari il ərzində 20-dən artıq “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunun 15-i rayonlarda baş tutub. Bu il 22 kənd və qəsəbədə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası keçirilib. Komitənin səyyar xidmətləri ilə yanaşı tətbiq edilən yeniliklər də daşınmaz əmlakın qeydiyyatının statistikasına müsbət təsir edir. Belə ki, çıxarışların verilməsinin 1 iş günü müddətində reallaşması, Elektron çıxarışın istifadəsi bu sahədə rəqəmlərin artmasına imkan verib. Hazırda ölkədə 8 min elektron çıxarış sahibi var.

Femida.az

Açar sözlər:

Oxunub: 631