Beş rayonda meşələrə kameralar quraşdırılıb


18:15     27 Dekabr 2018 2018/12/5c24cbe945d43_1545915055632757091_1000x669_1545919418.jpg

Dekabrın 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər” mövzusunda qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə dialoq təşkil olunub.


Femida.az xəbər verir ki, görüşdə əhalini narahat edən həlli vacib ekoloji problemlərin aradan qaldırılması üçün nazirlik tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlər, onların həlli yolları, bu işdə ictimaiyyətin və medianın iştirakı, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev keçirilən ağacəkmə aksiyalarında təkcə Bakıda və Abşeron yarımadasında 100 minə yaxın ağac əkildiyini deyib. Aksiyalar çərçivəsində ümumilikdə bir milyona yaxın ağac əkilib.

Meşələrin mühafizəsi istiqamətində görülən işlərdən danışan nazir müavini deyib ki, 5 rayonda - Zaqatala, Oğuz, Qəbələ, Şəki, Qaxda meşələrə kameralar quraşdırılıb. İyirmi min hektara yaxın ərazini əhatə edən kameralar vasitəsilə 1650 metrdən hədəfi görmək mümkündür. Kameralar vasitəsilə qanunsuz ağac kəsintisi ilə yanaşı, meşə yanğınlarının da qarşısı alına bilər. Gələcəkdə kameraların digər bölgələrdə də quraşdırılması nəzərdə tutulub.

Dialoq formatında davam edən görüşdə nazirlik tərəfindən başlanılan aksiyalar və keçirilməsi nəzərdə tutulan tədbir və layihələrlə bağlı məlumatlar verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb, ekoloji məsələlərin həllində ictimaiyyətin və medianın rolu barədə fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 407