Milli Məclis bu qanunları dəyişdi


13:13     28 Dekabr 2018 meclis20151020.jpg


Milli Məclis bu gün plenar iclasında 3 qanuna dəyişiklik edilib.

Milli Məclis bu gün plenar iclasında “İpoteka haqqında” qanuna dəyişiklikləri qəbul edib.

Layihə əsas etibarilə məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasını ( notariusun icra qeydi əsasında) və şərtlərini optimallaşdırır. Belə ki, layihəyə görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Bu proses xüsusi ardıcıllıqla həyata keçirilir: İpoteka saxlayan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyana sifarişli poçt göndərişi və elektron üsulla göndərir. Bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınır.İpoteka qoyan bildirişdən 21 gün ərzində məhkəməyə şikayət edə bilər. Məhkəməyə şikayət olunmadıqda, ipoteka saxlayan notariusa icra qeydi üçün müraciət edir. İpoteka predmetinin açıq bazarda satılması ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə icra qeydini icra orqanına göndərir. İcra məmuru tələbin açıq bazarda könüllü icrası üçün 2 ay müddət müəyyən edir. İpoteka predmeti bu müddətdə satılmadığı halda icra məmuru tələbin məcburi icrasına başlayır. İcra məmuru hərracın keçirilməsini müvafiq ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracdan ipoteka predmeti satılır.

Layihədə həmçinin əsas öhdəliyin ibarət olduğu tələblər dəqiqləşdirilir (əsas borc, faizlər, dəbbə pulu və zərər), ipoteka müqaviləsində göstərilməsi tələb olunan əlavə şərtlər (ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli olan şəxs və ipoteka predmetinin satılmasından əldə olunan gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı) müəyyən edilir.

Bundan başqa, ipoteka predmetinin dəyişdirilməsi ipotekanın əlavə dövlət qeydiyyatına səbəb olan hal kimi qanundan çıxarılır. İpotekaya xitam verilməsi zamanı ödənilməsi tələb olunan rüsumun ipoteka qoyan tərəfindən ödənilməsi müəyyən edilir. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, ipoteka qoyana ipoteka saxlayanın yazılı razılığı ilə ipoteka predmetini özgəninkiləşdirmək imkanı yaradılır. Bunun üşün ipoteka saxlayan əsas öhdəliyin həcmi barədə arayışı ipoteka qoyana, o da öz növbəsində bu arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir.

Bundan başqa, layihədə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar (öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icrasının 60 təqvim günü və daha çox müddətə gecikdirildikdə və ya ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərt baş verdikdə) dəqiqləşdirilir.

Hərracın keçirilməsi qaydası optimallaşdırılır (hərrac və təkrar hərrac barədə elanın verilməsi müddəti qısaldılır, ikinci elanın verilməsi zərurəti hərrac təşkilatçısının internet səhifəsində hərrac barədə məlumatlatın yerləşdirilməsi ilə əvəz edilir, hərrac addımı (ilkin satış qiymətinin 3%-dən az olmamaqla) müəyyən edilir, təkrar hərrac zamanı ilkin satış qiymətinin ən aşağı qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət olması ilə şərtləndirilir və s.)

Təklifə əsasən ipoteka premetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçiriləcək. Hazırda isə bu 45 təqvim günündən gec olmayaraq qeyd olunub.

İpoteka predmetinin satışından gəlirin bölüşdürülməsi növbəliliyinə icra ödənişi daxil edilir.

İpoteka qoyan və onunla birlikdə yaşayan digər şəxslərin ayrıca məhkəmə qərarı tələb olunmadan icra sənədi əsasında 10 təqvim günü müddətində yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müəyyən edilir.

*

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib.

Layihə mobil cihazların qeydiyyatına görə, ödənilən dövlət rüsumunun 30%-nin müvafiq nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasına, işçilərin sosial müdafiəsinin və maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsini nəzərdə tutur.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli 1187-V QD qanuna əsasən fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu müəyyən edilib və bu rüsumların məbləği mobil cihazların dəyərinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

*
Parlamentin bu gün keçirilən plenar iclasında "Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə qəbul edilib.

Bu sənəd tenderlə bağlı müddətlərin azaldılmasını, tender dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirildikdə, satınalmaların nəticələrinin avtomatik rejimdə müəyyən olunması və qərarın 1 bank günü ərzində qəbulunu, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının tənzimlənməsini nəzərdə tutur. Belə ki, satınalma predmetinin ehtimal olunan qiyməti 3 mln. ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların satın alınması yalnız kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçiriləcək.

Qanun layihəsi satınalmalar sahəsində şəffaflığın təmin edilməsi, müasir informasiya texnologiyalarından istifadə edilməsi məqsədilə hazırlanıb. Layihə bir sıra anlayışların - “satınalma”, satılan təşkilat”, “tender” anlayışlarının təkmilləşdirilməsi və yeni anlayışların qanuna daxil edilməsini nəzərdə tutur. Buraya “Dövlət satınalmalarının vahid internet portalı”, elektron satınalma”, “satınalma planı” və “təkliflərin cəlb edilməsi” anlayışları daxildir. Satınalmaların vahid elektron portalının yaradılması və satınalmaların elektron həyata keçirilməsi subyektiv amillərin aradan qaldırılmasına, insanların sərbəst və vaxt itkisinə məruz qalmadan tenderdə iştirakına şərait yaradacaq.

Bundan başqa, satınalmanı həyata keçirən orqanın üzərinə yeni vəzifələr qoyulur (dövlət satınalmalarını aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabərlilik prinsipləri əsasında təşkil edir, satınalan təşkilatların , malgöndərənlərin vahid internet portalında istifadə etmələri üçün onlara metodiki köməklik göstərir, məsləhətlər verir, dövlət satınalmalarının vahid internet portalında mövcud olan informasiya resurslarının təhlükəsizliyinin qorunması üçün zəruri tədbirlər görür).

Layihə dövlət satınalmalarının planlaşdırılmasını nəzərdə tutur. Satılan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Satınalma planının təsdiqi mal, xidmət, iş təqdim edənlərin öz fəaliyyətini həmin təkliflərə uyğun qurmasına, məhsulun dövlət satınalmaları sifarişinə uyğun istehsalına şərait yaradacaq.

Qanun layihəsi maraqların toqquşmasının, sui-istifadə hallarının aradan qaldırılması üçün dövlət satınalmalarına cəlb olunan dövlət qulluqçularının və digər vəzifəli şəxslərin davranış kodeksinin müəyyən olunmasını nəzərdə tutur.

Açar sözlər: #qanun   #milli_məclis   #parlament  

Oxunub: 1536