Xankəndinin ürəyi KƏRKİCAHAN - İşğaldan 27 il ötdü...

Xankəndinin ürəyi KƏRKİCAHAN - İşğaldan 27 il ötdü...


11:20     29 Dekabr 2018 18_12_29_1546067902.jpg


Azərbaycanın tarixi bölgəsi və qəsəbələrindən olan Kərkicahanın işğalından 27 il ötür. Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində şəhər tipli qəsəbə. 1991-ci il dekabrın 28-də başlayan hücum 1 gün sonra yekunlaşdı və Kərkicahan dÜşmən tapdağı altına düşdü.

Femida.az Kərkicahanla bağlı yazını təqdim edir.

Kərkicahanın işğalı

1960-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. Tarix göstərir ki, Xankəndi şəhərini vaxtı ilə Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan Kərkicahan yaxınlığında salmışdı. Əsli Kərkican olan bu etnotoponim kərki tayfa adından və yer, məkan bildirən – can topoformantından ibarət olub, "kərki tayfasının məskəni" mənasındadır.

Kərkicahan uğrunda döyüşlərdə 150-dən çox azərbaycanlı, 40 qadın və 110 kişi şəhid olub. Həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunmuşdu. Lakin erməni silahlılarının istifadəsində hərbi texnika və ağır silahlar olduğundan, geri çəkilməyə məcbur oldular. Bununla belə, pis silahlanmış Azərbaycan əsgərləri bir müddət erməni silahlılarının hücumlarının qarşısını aldılar və bunun hesabına dinc əhali qəsəbədən çıxa bildi.



Tarixi-starteji əhəmiyyətli Kərkicahan

Kərkicahan Xankəndinin cənub-qərbində yerləşir. Ermənilər 1930-cu ildən SSRİ rəhbərliyi tərəfindən Qarabağa yerləşdirilməyə başlayanda onlardan bir qismi bura gətirildi. Çünki bu qəsəbə sıradan bir qəsəbə deyildi. Hələ ötən əsrin əvvəllərindən burada zavodlar, fabriklər məktəblər açılmışdı. Kərkicahanda yanğınsöndürmə idarəsi, ATS, bağça, klub, su və qaz idarələri, stadion, 2 park, 2 hotel, pansionat, SES və bir çox idarələr tikilmişdi. Qəsəbə həm də turizm bölgəsi sayılırdı. Azərbaycanın ən böyük sovxozlarından biri Kərkicahanda idi. Qəsəbənin ətrafında 4 böyük meşə var.

Ümumi olaraq Kərkicahanda Məhəmmədhəsən xanın evi (1940-1950-ci illərdə ev məktəb kimi fəaliyyət göstərirdi, daha sonralar ev muzey kimi fəaliyyət göstərmişdi.) 12-ci əsrin qəbirləri, 8 guşəli minarələr, kurqanlar, qədim məhəllələr (ən cavanı 15-ci əsrdə tikilib), qazıntılar zamanı çıxmış abidələr, heykəllər və s. olub. Bunların bir çoxu hazırda ermənilər tərəfindən məhv edilib.

Kərkicahanda 1988-ci ildə qazıntılar zamanı III əsrdən qalma yazılı daşlar, qoç fiqurlu kiçik daşlar və bir çox bəylərin-xanların vaxtilə gizlətdiyi küplər və xəzinələr tapılıb. Nəticədə məlum olub ki, bu kəndin əsası eramızın I-III əsrlərinə dayanır.



Həmçinin Kərkicahan ərazisində siklopik tikililər də vardır ki, onlar da eramızdan əvvəlki dövrləri əhatə edir. Kənddə tikilən xuncur və digər xalça növləri bütün SSRİ-də məşhur idi.

Bakı-Xankəndi-Laçın dəmiryolu stansiyası Kərkicahanın cənub-şərq hissəsindən keçirdi. Həmçinin Qar-qar çayı Kərkicahandan keçdiyi üçün burada çay nəqliyyatı da yaxşı idi. Bakı-Xankəndi-İrəvan magistral yolu, Xankəndi-Kəlbəcər magistralı, Bəhlul-Kosalar şossesi, Xankəndi-Kərkicahan şossesi buradan keçirdi.

Əhalisi

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.

Görkəmli şəxsləri arasında deputat Nərgiz Həsənova, Qarabağ xanı, Pənahəli xanın oğlu İbrahimxəlil xan Cavanşir, onun oğlu Məhəmmədhəsən ağa (Qarabağ xanı), tarzən Məşədi Zeynal Haqverdiyev, Azərbaycanın Milli Qəhrəmanı Natiq Şahmuradov var.

Cavanşirlər və Həsənbəylər nəsli də məhz Kərkicahan yurdunun nümayəndələridir.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #Qarabağ   #Xankəndi   #Kərkicahan   #işğal   #Ermənistan  

Oxunub: 1921