Müəlliflik hüququ nədir və necə qorunur? - QANUN

Müəlliflik hüququ nədir və necə qorunur? - QANUN


10:37     03 Yanvar 2019 19_01_03_1546497581.jpg


Bu gün dünyada ilk dəfə müəlliflik hüququ haqqında sənədin verildiyi gündür. 1491-ci ildə hüquqşünas Pyotr Ravenskiyə əsəri "Feniks"i çap etdirməyə hüquq verən sənəd verilib.

Femida.az xəbər verir ki, müəlliflik hüququ Azərbaycanda da qanunla qorunur. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Müəllif - əsərin yaradıcısı olan fiziki şəxsdir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Müəlliflik hüququnun obyektləri aşağıdakılardır:

- ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.);
- dram, musiqili-dram və başqa səhnə əsərləri;
- xoreoqrafiya əsərləri və pantomimalar;
- mətnli və ya mətnsiz musiqi əsərləri;
- audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər);
- heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri;
- dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar;
- memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri;
- fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;
- coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər;
- törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);
- toplular
- teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları (əsərləri) və digər əsərlər.


Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur. Kompüter proqramları ədəbi əsərlər kimi qorunur. Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir.

Qanunun 25-ci maddəsinə görə, müəlliflik hüququnun qüvvədə olma müddəti müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Əgər əsərdə şərikli müəlliflik hüququ varsa, əsər sonuncu müəllifin öldüyü andan 50 il müddətində müəlliflik hüququ qüvvədə qalır.

Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #müəllif   #qanun   #hüquq   #vəkil   #femida   #əsər  

Oxunub: 1291