NASA o fotoları paylaşdı - Görənlər heyrətə gəldi


10:12     04 Yanvar 2019 2019/01/nasa-qar-adam_3093165058.jpg

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “Yeni üfüqlər” (“New Horizons”) planetlərarası kosmik zondu Günəş sisteminin elmə məlum olan ən ucqar nöqtələrindən maraqlı fotoşəkillər göndərib.

Femida.az xəbər verir ki, kosmik zond “2014 MU69” asteroidinin səthinin fotoşəkilini çəkə bilib. Bu göy cismi Neptunun orbitindən də uzaqda yerləşir və “Ultima Thule” (“Dünyanın son nöqtəsi”) adlanır. Məlum olub ki, bu asteroid iki hissədən ibarətdir və görünüşü “qar adamı”nı xatırladır. NASA-dan bildiriblər ki, buz halında olan asteroidin yaxınlığından keçən zond işlək vəziyyətdədir. Bu aparat Yerdən kosmik fəzaya 12 il əvvəl göndərilib.



“Ultima Thule” Günəş sisteminin üçüncü qatını təşkil edən “Koyper” adlanan qurşaqda yerləşir. Birinci qurşağı daxili planetlər, ikincisini isə ətrafdakı nəhəng qaz kütlələri təşkil edir. Sözügedən asteroid dörd il əvvəl kəşf edilib və Günəş sisteminin ən az tanınan göy cisimlərindən biridir. Bu qurşaqda Günəşdən və səkkiz əsas planetdən maksimal uzaqlıqda yerləşən kiçik donmuş cisimlərin orbitləri yerləşir. “Koyper” qurşağında minlərlə donmuş cisim var və onların donmasının səbəbi 4,6 milyard il əvvəl Günəş sisteminin meydana gəlməsi şəraitini öyrənməyə kömək edəcək.

Zondun göndərdiyi məlumatdan aydın olur ki, “Ultima Thule” həddindən artıq qaranlıq asteroiddir və onun ən parlaq hissəsi Günəş işığının cəmi 13 faizini əks etdirir. NASA-nın layihə rəhbəri Alan Stern bildirib ki, asteroidi aşkar etmək çox çətin olub. O əlavə edib: “Ölçüsünə görə Ultima Thule” Vaşinqtonun ərazisi boydadır və həddindən artıq qaranlıqdır. Bu asteroid Yerdə günəşli gündə olduğundan 1900 dəfə az işıq saçır. Bizim saatda 51 min kilometr sürətlə uçan zondumuz onu qaranlıq bucaqda aşkar edib”.

NASA-dan bildiriblər ki, kosmik zond topladığı informasiyanın cəmi 1 faizini Yerə göndərib. Tam məlumat isə 20 ay müddətində əldə olunacaq.





Femida.az

Açar sözlər:

Oxunub: 1461