Ermənistan əhalisinin neçə faizi hökumətə inanır? - Sorğu


21:14     05 Yanvar 2019 19_01_05_1546703398.jpg

İqtisadi problemlər içində boğulan Ermənistan əhalisi yeni hökumətə də etibar etmir. Bu işğalçı ölkənin əsas tədqiqat resursları mərkəzi olan Qafqaz Barometri Tədqiqat Resursları Mərkəzinin keçirdiyi sorğu zamanı məlum olub.

Axar.az xəbər verir ki, Mərkəzin məlumatına əsasən, Ermənistanda əhalinin yalnız 3 faizi hökumətə inanır. Aprel-may aylarında Çıxış Blokunda təmsil olunan Nikol Paşinyanın başçılığı ilə “məxməri inqilab”ın baş verməsindan sonra bu göstərici artsa da, ilin sonunda vəziyyət dəyişib.

Mərkəzin keçirdiyi son sorğuya əsasən, cəmiyyətdə yeni iqtidara qarşı etimadsızlıq mövcuddur. Getdikcə nüfuzunu itirən Nikol Paşinyanın növbədənkənar parlament seçkilərini 2019-cu ilin yaz-yay aylarında deyil, 2018-ci il dekabrın 9-da keçirməsi də bununla bağlıdır. Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku 70 faizdən bir az çox səs toplayaraq qalib olub. Səsvermədə seçicilərin çox az qismi iştirak edib. Bu isə Ermənistanda seçkilər tarixində indiyədək görünməyən ən aşağı nəticə olaraq qeyd edilir. Bildirilir ki, ötən il hərbi xunta rejiminə son qoyulsa da, fərqli heç nə baş verməyib. Köhnə problemlər olduğu kimi qalır. Bu səbəbdən də əhali çıxış yolunu xaricdə axtarır.

Ermənistanda kriminogen vəziyyət də sabit deyil. Son bir ildə işğalçı ölkədə cinayətlər 13 faiz artıb. Ağır cinayətlər isə 30 faiz çoxalıb. Ümumiyyətlə, 2018-ci ilin yanvar-noyabr aylarında Ermənistanda 20 min 267 cinayət qeydə alınıb. 2017-ci ilin analoji dövründə bu göstərici 17 min 898 olub. Ötən il 209 ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 olub. Bundan başqa, odlu silahlar və döyüş sursatları ilə törədilən cinayətlərin də sayı artıb. 10 il müddətində hərbi xunta rejiminə rəhbərlik etmiş Serj Sərkisyanın qardaşı oğlanlarından biri hazırda Ermənistanda həbsdədir, digəri isə Çexiyada həbs olunub. Rəsmi İrəvan hazırda Narek Sərkisyanın ekstradisiyasına çalışır. Bunun üçün artıq Çexiya hökumətinə sorğu ünvanlanıb. Narek Sərkisyan silah, narkotik maddə saxlama, dələduzluq, adam oğurluğunda ittiham olunaraq beynəlxalq axtarışa verilib. O, dekabrın 6-da Çexiyanın paytaxtı Praqada saxlanılıb. Sərkisyanın qardaşı oğlu Qvatemalaya məxsus saxta pasportla yaxalanıb. Məlum olub ki, Narek adını Franklin Qonzalez olaraq dəyişdirib.

Bu arada Ermənistanda yeni seçilən parlamentin ilk iclasının vaxtı dəqiqləşib. Milli Şura yanvarın 14-də yerli vaxtla saat 10-da fəaliyyətə başlayacaq. Nikol Paşinyanın başçılıq etdiyi “Mənim addımım” bloku 132 yerdən 88-ni əldə edib. Baş nazir səlahiyyətlərinin icrası üçün deputat mandatından imtina edib. Ermənistan Mərkəzi Seçki Komissiyasının iclasında “Mənim addımım” blokunun daha 17 üzvünün deputat mandatından imtina etməsi təsdiqlənib. Bu şəxslər nazir və qubernator səlahiyyətlərini icra edəcəklər.

Açar sözlər:

Oxunub: 323