Mikayıl Müşfiqin anım günüdür


12:11     06 Yanvar 2019 mikayil%20musfiqin.jpg


Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanlarından olan şair Mikayıl Müşfiqin anım günüdür.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub. O, əslən Xızı rayonundan olub. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdur. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub.

1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları nəşr edilmişdir. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunmuş, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. O, həm də tərcümə ilə də məşğul olmuş, A.S.Puşkin, M.Y.Lermontov, S.Y.Marşak, T.Şevçenko, Ö.Xəyyam və başqa şairlərin irsindən nümunələri Azərbaycan dilinə çevirib.

Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnib.

Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, adına qəsəbə, məktəb, küçə və meydan var. Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub.

Femida.az

Açar sözlər:

Oxunub: 934