Həbsxanada etiraz qaydaları: Məcburi qidalanma varmı?

Həbsxanada etiraz qaydaları: Məcburi qidalanma varmı?


16:39     07 Yanvar 2019 hebss.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsinə davam edir. Bu dəfə mövzumuz günün aktual mövzularından olan həbsxanada etiraz qaydalarıdır. Qanunvericilik nə deyir? Azərbaycanda məcburi qidalanma varmı? Bu suallara cavab tapmağa çalışacağıq.

Vəkil Əziz Qənəbərovun Femida.az-a açıqlamasına görə, yemək qəbul etməkdən imtina edən məhkumların məcburi qidalandırılması qaydası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq normativ aktı ilə müəyyən edilir:

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin təsdiq etdiyi və Dövlət Qeydiyyatına 7 aprel 2004-cü il tarixli 3044 nömrəsi ilə qeydiyyata alınmış Cəzaçəkmə Müəssisələrində Davranış Qaydalarının 81-ci bəndinə əsasən, yemək qəbul etməkdən imtina edən və bununla əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların tibbi rəyə əsasən məcburi qaydada qidalandırılmasına yol verilir.



Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Ədliyyə Nazirliyinin 29 dekabr 2012 ci il tarixli 32 nömrəli Kollegiya Qərarının 1.2 ci bəndinə əsasən, yeməkdən imtina edən məhkumların, həbs edilmiş şəxslərin həyatı üçün təhlükə yarandıqda və onlar özləri haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə yeməkdən imtina edən şəxslərin səhhətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, o cümlədən həmin şəxslərin ləyaqətini alçaltmamaq şərti ilə məcburi qaydada qidalandırılması həyata keçirilir.

Ə.Qənbərov bildirib ki, təqsirləndirilən şəxsin ittihamı qəbul etməmək və bununla bağlı yazılı və şifahi etirazlar etmək hüququ var. Eyni zamanda təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş qaydalar əsasında etiraz edə bilər".

Mövzu ilə bağlı vəkil Ayazbəy Əhmədov da Femida.az-a açıqlama verib. O da eynilə bildirib ki, Azərbaycan Respublikası Ədliyyə Nazirinin 13-T saylı 24 mart 2004-cü il tarixli Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının 81-ci bəndinə əsasən yemək qəbul etməkdən imtina edən və bununla əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların tibbi rəyə əsasən məcburi qaydada qidalandırılmasına yol verilir.



"Eyni zamanda Cəzaların İcrası Məcəlləsinin 93.4-cü maddəsinə əsasən yemək qəbul etməkdən imtina edən və bununla əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların tibbi rəyə əsasən məcburi qaydada qidalandırılmasına yol verilir.

Həbs yerlərində məcburi qidalandırmanın əsas şərti tibbi rəyin olmasıdır. Əks halda kiminsə nəyəsə məcbur edilməsi onun hüquq və azadlıqlarını poza bilər. Tibbi rəyin də alınması üçün məhkumun həkim tərəfindən müayinəsi tələb olunur", - deyə vəkil bildirib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #qanun   #hüquq   #femida   #məcəllə   #həbs   #kollegiya  

Oxunub: 1105