Jurnalistlər nə qədər maaş alır - Aylıq gəlirləri açıqlandı


15:56     08 Yanvar 2019 jurnalist0.jpg

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2018-ci ildə sosial durumunun və media ilə bağlı baş vermiş hadisələrin öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.



Femida.az-a daxil olan məlumata görə, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən ümumrespublika yayımlı 12 qəzet və 5 televiziya redaksiysının, 4 informasiya agentliyinin, 22 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 8 regional qəzet və TV-lərin əməkdaşları cəlb ediliblər.

Məlum olub ki, ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna və jurnalistlərin aktivliyinə görə dəyişir. Bu baxımdan redaksiyalarda orta əmək haqqı ilə yanaşı, KİV-lərdə əmək haqqının minimal və maksimal məbləğlərinin müəyyənləşdirilməsinə cəhd edilib. Bu kateqoriya üzrə rəyi soruşulanların bir qismi 350-500 manat (sorğu iştirakçılarının 4 faizi. 2017-ci ildə 6 faiz olub), 500-700 manat (sorğu iştirakçılarının 61 faizi. 2017-ci ildə 56 faiz olub), 700-900 manat (sorğu iştirakçılarının 31 faizi. 2017-ci ildə 30 faiz olub), 900-1200 manat (sorğu iştirakçılarının 4 faizi. 2017-ci ildə 8 faiz olub) civarında aylıq gəlir əldə etdiklərini bildiriblər.

Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin aylıq gəlirləri 250-400 manat aralığında dəyişir. Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 160-400 manat aralığında dəyişir. Rəyi soruşulanlar 160-200 manat (sorğu iştirakçılarının 41 faizi), 200-250 manat (sorğu iştirakçılarının 44 faizi), 300-400 manat (sorğu iştirakçılarının 15 faizi) civarında əmək haqqı aldıqlarını bildiriblər. Regional televiziyalarda çalışan jurnalistlərin aylıq gəlirləri 250- 400 manat aralığında dəyişir.

Femida.az

Açar sözlər:

Oxunub: 564