Bildiriş gəlmədi, vətəndaşın xəbəri olmadan məhkəmə keçirildi - ŞİKAYƏT


12:42     10 Yanvar 2019 19_01_10_1547109824.jpg

İmişli rayon sakini Məmmədov Cavad Elçin oğlu özü barəsində baş tutan məhkəmə prosesi ilə bağlı Femida.az-a müraciət edib. O, Şirvan Apellyasiya Məhkəməsinin səhlənkarlığı ucbatından keçirilən məhkəmə iclasında iştirak edə bilmədiyini iddia edib:

"2017-ci ildə qarışdığım bir dava ilə bağlı Cinayət Məclləsinin 221-ci maddəsi ilə barəmdə cinayət işi açıldı. İmişli məhkəməsi 2018-ci ilin avqustunda haqqımda bəraət hökmü verdi. Lakin dövlət ittihamçısı hökmdən apelyasiya şikayəti verdi. Dəfələrlə müraciət etməyimə baxmayaraq, Şirvan Apelyasiya Məhkəməsi (işə baxan hakim Etibar Camalov ) mənə məhkəmənin tarixi barədə heç bir məlumat vermədi. Birbaşa işin İmişli məhkəməsinə qaytarılması barədə qərar çıxarıb və ünvanıma göndərdi".



Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən, məhkəmələr təqsirləndirilən şəxs və zərəçəkmişə məhkəmənin yeri və vaxtı barədə tərəfləri xəbərdar etməlidir. Vətəndaşın müraciətini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinə sorğu ünvanladıq. 2 həftə keçməsinə baxmayaraq, sorğuya cavab gəlmədi. Üstəlik məhkəmədən telefon zənglərinə də cavab verən olmadı. Odur ki, məsələni hüquqi əsaslarını detallı şəkildə aydınlaşdırmaq üçün vəkilə müraciət etdik.

Vəkil Tural Süleymanov Femida.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən, Apellyasiya məhkəməsinin borcudur ki, məhkəmənin yeri və vaxtı barədə tərəfləri xəbərdar etsin. Lakin həmin şəxslərin gəlməməsi apelyasiya məhkəməsinə hazırlıq iclasının keçirilməsinə mane olmur:

“Bu işlə bağlı sənədlərə baxsaq, apellyasiya məhkəməsinin hakimi hər hansı qanun pozuntusuna yol verməyib. Apellyasiya Məhkəməsi hakiminin səlahiyyəti var ki, həmin bəraəti ləğv edib, yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərsin. Buna da səbəb odur ki, zərərçəkmiş şəxsin proseslərdə iştirakı kifayət qədər təmin olunmayıb. Hökmdən də göründüyü kimi zərərçəkmiş şəxsin ünvanına göndərilən bildirişlər onun İmişlinin Buludlu kəndində yaşamasına baxmayaraq, rayonun Sərxanlı kəndinə göndərilib. Nəticə etibarilə zərərçəkmiş şəxsin məhkəmə iclaslarının vaxtı barədə xəbəri olmayıb. Ünvanın dəqiq qeyd olunmaması həmin şəxsin prosesdə iştirakına mane olub.



Qanunun tələbinə görə, zərərçəkmiş şəxsin məhkəmənin bütün iclaslarında iştirak etmək və yekunda yekun məhkəmə çıxışı etmək hüququ vardır. Belə ki, yekundan əvvəl çıxışlar üçün tərəflərə söz verilir. Burada isə zərərçəkmiş şəxsə yekun məhkəmə çıxışı üçün şərait yaradılmayıb.

Cinayət Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən, Apellyasiya məhkəməsi ilkin baxış iclasında kobud pozuntuların olub-olmamasını araşdırır. Ki, burada kobud pozuntulardan biri zərəçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakının təmin edilməməsidir.

Bir daha qeyd edirəm ki, burada işə mahiyyəti üzrə baxılmayıb. Apellyasiya şikayətinin nə özü , nə dəlilləri dinlənilməyib və münasibət bildirilməyib. Hakim o qənaətə gəlib ki, burada ciddi prosessual pozuntu var. Buna görə də işi yenidən baxılması üçün İmişli məhkəməsinə qaytarıb.

Zənnimcə birinci instansiya işə zərərçəkmişin iştirakı ilə yenidən baxdıqdan sonra çox güman ki, təqsirləndirilən şəxs barəsində yenidən bəraət hökmü çıxaracaq”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #femida   #qanun   #hüquq   #məhkəmə   #məcəllə   #cinayət   #hakim   #vəkil   #apellyasiya   #İmişli   #Şirvan  

Oxunub: 6207