Bakıda təcili tibbi yardım xəstəyə kömək etmədi? - YENİLƏNİB + VİDEO

Bakıda təcili tibbi yardım xəstəyə kömək etmədi? - YENİLƏNİB + VİDEO


14:58     10 Yanvar 2019 2019/01/49864317_303824903812797_2088487616444891136_n_1547112508.jpg

Bakıda youn kənarında huşunu itirən kişiyə təcili tibbi yardım işçiləri kömək etməyib.



Paytaxtın Bakıxanov küçəsindən keçən təcili yardım maşınları yolda halı pisləşən xəstəyə kömək etməyiblər.

Femida.az xəbər verir ki, bu barədə jurnalist Kamran Mahmudov sosial şəbəkə hesabında video paylaşaraq yazıb.

"Saat 11:30 radələrində, Bakıxanov küçəsi, Dostluq kinoteatrının yaxınlığından keçərkən bir xeyli insanın toplaşdığını gördüm. Hadisə yerinə yaxınlaşanda aydın oldu ki, bir yaşlı kişinin halı pisləşib, toplaşan insanlar isə ona kömək etməyə çalışır. Hadisə şahidləri bildirdilər ki, təcili yardıma xəbər verdikləri vaxtdan həmin ərazidən bir neçə təcili tibbi yardım maşını keçsə də, heç biri saxlamayıb. Mən orada olduğum müddətdə də 2 təcili tibbi yardım maşını həmin ərazidən keçirdi. Biri özəl klinikalardan birinə məxsus, biri isə dövlətə məxsus. İnsanlar dövlətə məxsus təcili tibbi yardım maşınının qarşısını kəssə də, saxlamadılar. Həmin videonu aşağıda paylaşacam. Yol polisi məsələyə qarışdıqdan sonra 20 dəqiqə sonra yeni təcili tibbi yardım maşını ilə xəstəni xəstəxanaya qaldırdılar".

Həmin görüntüləri təqdim edirik:





yenilənib:
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, nazirliyə 11:35-də çağırış daxil olub, 11:47-də isə hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

Nazirlikdən yaranan anlaşılmazlığa da münasibət bildirilib:

“Sürücü maşının içərisində heç bir tibbi heyət, tibbi personal olmadığı üçün dayanmayıb. Qaraja oksigen balonu götürməyə gedən maşının içində tibb bacısı olmadığı üçün maşın saxlasa da, sürücü o insana heç bir köməklik edə bilməzdi”.

“Özəl tibb müəssisəsinə məxsus maşın Səhiyyə Nazirliyinə aid deyil. Daha sonra isə təcili yardım maşını gəlib və sözügedən şəxsə lazımi kömək olunub”, - deyə nazirlikdən qeyd edilib.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 4061