Bakı Aeroportunda yeni rekord: 4.43 milyon sərnişin


14:38     11 Yanvar 2019 19_01_11_1547203148.jpg


Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirib - ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərib. Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur.

Bu barədə Femida.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşıyıb.

Beynəlxalq reyslərlə ümumilikdə 3,81 milyon sərnişin, regional reyslərlə isə 620 min sərnişin daşınıb.

Beynəlxalq reyslərin ümumi sayının 33,4 faizi AZAL-ın, 11,6 faizi “Buta Airways”in, 55 faizi isə xarici aviaşirkətlərin payına düşür.

2018-ci ildə beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “FlyDubai”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Air Arabia”, “S7 Airlines”, “Qatar Airways”, “Utair”, “Lufthansa” və “SCAT” daxil olub. Onlar ümumilikdə 1,15 milyon sərnişinə xidmət göstərib.

2018-ci ildə İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olub. Bu istiqamətlər üzrə 2,7 milyon sərnişin uçub.

Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportuna ümumilikdə 36 xarici sərnişin aviaşirkəti müntəzəm uçuşlar həyata keçirib.

Femida.az

Açar sözlər: aeroport   Bakı  

Oxunub: 545