“Kütləvi çıxarış” kampaniyası Xırdalanda


14:53     11 Yanvar 2019 2019/01/15471-1547202045_1547204163.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) rahatlıq və məmnuniyyəti təmin edərək daşınmaz əmlakların ünvanlarda qeydiyyata alınmasını davam etdirir. Səyyar aksiyalar ilə göstərilən xidmətlər bölgələrdəki daşınmaz əmlaklar ilə yanaşı, şəhər və rayonlar üzrə çoxmərtəbəli binaları da əhatə etməkdədir. Növbəti “Kütləvi çıxarış” kampaniyası yanvarın 11-də Abşeron rayonunda keçirilib.

Komitənin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu ilin ilk səyyar qeydiyyat kampaniyası Xırdalan şəhərində yerləşən 11 binadan ibarət yaşayış kompleksinin 195 mənzilli 4 binasını əhatə edib. Sosial aksiya nəticəsində 80-ə yaxın mənzil sahibinə əmlaklarına dair çıxarışlar təqdim olunub. 50-ə yaxın vətəndaş mənzilinin dövlət qeydiyyatına alınması üçün ilkin sənədlərini komitənin mobil ofisinə təqdim edib. Kampaniya çərçivəsində tək girişli, 15 mərtəbəli yaşayış kompleksi üzrə 100-ə yaxın sakinə hüquqi xidmətlər göstərildi, eləcə də vətəndaşlar üçün qeydiyyat prosedurları barədə ictimai məlumatlandırma aparıldı. Lazımi sənədlər, dövlət rüsumu və xidmət haqları ilə bağlı suallar komitə əməkdaşları tərəfindən cavablandırıldı.

Mənzillərin qeydiyyata alınması prosesini sürətləndirmək məqsədilə yeni tikilən çoxmərtəbəli binalarda belə kampaniyaların keçirilməsi çox əhəmiyyətlidir. Nəticədə ölkə üzrə dövlət qeydiyyatına alınan əmlakların sayı artır, çıxarışlı mənzillərin iqtisadi münasibətlərə cəlb edilməsi və daha güvənli istifadəsi təmin olunur. Yeni tikilən çoxmərtəbəli yaşayış binalarının kütləvi qeydiyyat prosesi ölkədə mənzil bazarının aktivliyinə müsbət təsir göstərir.

Belə kampaniyaların ünvanlarda, iş yerlərində keçirilməsi hər bir vətəndaşın əlçatan xidmətlərdən faydalanmasına şərait yaradır. Xidmətin ünvanlarda təqdim olunması ilə insanlar gündəlik məişət və işgüzar fəaliyyətdən uzaqlaşmadan çıxarışla təmin olunur.

Ötən il reallaşan 22 “Kütləvi çıxarış” kampaniyası ölkə üzrə müxtəlif şəhər və rayonları əhatə edib. Bunlardan 8-i çoxmərtəbəli yaşayış binalarında, 14-ü isə kənd və qəsəbələrdə, o cümlədən iş yerlərində keçirilib. Qeyd edək ki, bu aksiya ilə yanaşı, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası növbəti həftədən davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 560