Azərbaycanda 1000 km yeni yol salınacaq

Azərbaycanda 1000 km yeni yol salınacaq


16:57     12 Yanvar 2019 19_01_12_1547290687.jpg


Nazirlər Kabinetinin dünən keçirilmiş müşavirəsi zamanı prezident İlham Əliyev Azərbaycanda yol infrastrukturunun yenidən qurulması, yeni yolların çəkilməsi mövzusunda ətraflı danışıb. Femida.az xəbər verir ki, prezident ötən il 2 min kilometr avtomobil yolunun salındığını deyib.


“Bu, rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Yəni, 2,2 milyon insanın yol problemi həll olunub»-prezident deyib.

İlham Əliyev vurğulayıb ki, yol məsələsi eyni zamanda, iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var.

“Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən Astara-İran sərhədi yolu. Çünki biz Bakıdan Astaraya qədər yeni yol salmışıq. Çox gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni zamanda, bu magistral yol şəhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca giriş nəzərdə tutulubdur. Ancaq Astara şəhərindən İran sərhədinə qədər yol yoxdur, yol şəhərin içindən keçir. Ona görə biz bu layihəni də icra edəcəyik. Plana görə, bu ilin sonunadək Astaradan İran sərhədinə qədər yeni dördzolaqlı yol çəkiləcək və beləliklə, yük maşınları Astara şəhərinə girmədən, vətəndaşları narahat etmədən sərhədə qədər gedə biləcək»-İlham Əliyev çıxışında bildirib.



Prezident habelə qeyd edib ki, bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün də böyük vəsait nəzərdə tutulub. Bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə yeni bir yoldur. Beləliklə, həm Rusiya sərhədinə gedən ikinci yolumuz olacaq, eyni zamanda, çox keyfiyyətli yol olacaq.

“Bununla yanaşı, bu günə qədər boş qalan torpaqlarda canlanma olacaqdır. Çünki bu ərazilər istifadəsiz qalmışdı. İndi o ərazilərdə kənd təsərrüfatının inkişafı üçün müxtəlif layihələr icra edilir. O cümlədən Taxtakörpü su anbarı və Ceyranbatana qədər gələn kanal da əlbəttə ki, o torpaqlara suyun verilməsini təmin edir. Sumqayıt-Rusiya sərhədi yolunun böyük hissəsi bu il icra edilməlidir. Natamam qalmış Bakı-Gürcüstan sərhədi yolu. Gəncə şəhərinə qədər dördzolaqlı yol salınıb və Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yolu biz dörd zolağa genişləndirməliyik. Bu məqsədlər üçün də vəsait nəzərdə tutulub. Şəhərlərarası, şəhərlərdaxili və kənd yolları tikiləcək”, - İlham Əliyev bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 239