Türkiyə-Azərbaycan: Diplomatik münasibətlərin qurulmasından 27 il ÖTDÜ


11:11     14 Yanvar 2019 19_01_14_1547450023.jpg


Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu.Femida.az bildirir ki, 1992-ci il yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başladı.

Siyasi münasibətlər

Türkiyə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivini müəyyən etdi. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərirdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşlıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər imzalandı.

2000-ci illərdən başlayaraq isə Türkiyə-Azərbaycan qardaşlığı geniş müstəvidə vüsət aldı.

Azərbaycanın Türkiyədə 3 diplomatik nümayəndəliyi var: Ankarada Azərbaycan səfirliyi, İstanbulda və Qarsda isə General-Konsulluq. Türkiyənin isə Bakıda səfirliyi, Naxçıvanda General-Konsulluğu fəaliyyət göstərməkdədir.

Yeri gəlmişkən, Kəlbəcər rayonunun işğalından (3 aprel 1993) sonra Türkiyə Ermənistan ilə olan sərhədini bağlamışdır. Sərhəd hazırda da bağlı olaraq qalır.

İqtisadi münasibətlər

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndə “Türk petrolları” şirkətinin xarici neft şirkətləri konsorsiumunda təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real təzahürü idi.

Ümumiyyətlə, Azərbaycanın neft-qaz sektoru ilə bağlı 5 müqavilədə Türkiyənin payı var: Bakı-Tbilisi-Ceyhan layihəsində - 6,53 faiz; “Azəri”-“Çıraq”-“Günəşli” layihəsində - 6,75 faiz; “Şahdəniz” layihəsində - 9 faiz; “Kürdaşı” layihəsində - 5 faiz; “Araz”-“Alov”-“Şərq” layihəsində - 10 faiz.

Bu ilin ikinci rübündə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi yarım milyard dollara çatıb. Azərbaycan Türkiyənin bütün sahələrdə ən böyük tərəfdaşlarından biridir.

Son olaraq isə ötən il İzmirdə açılışı baş tutan SOCAR-ın STAR neft emalı zavodu dünən Türkiyədə son 30 ilin ən böyük investisiya layihəsidir. olan bu zavod Türkiyənin xam neft emalına olan tələbatının 25%-ni ödəyəcək. Zavod Türkiyə daxili bazarı üçün dizel, təyyarə yanaçağı, nafta, ksilen və digər məhsullar istehsal edəcək. Zavodun illik istehsal gücü 4.8 milyon ton dizel, 1.6 milyon ton təyyarə yanacağı və 1.6 milyon ton nafta təşkil edir. STAR Türkiyənin illik 28.1 milyon tona çatan neft emalı gücünu 33% artıracaq, ölkənin neft emalı məhsulları idxalında 1.5 milyard dollar qənat etməsinə səbəb olacaq.

Təbii ki, Bu 13 iyul 2006-cı il tarixində işə salınan Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri layihəsini də unutmaq olmaz. Kəmərin ümumi uzunluğu 1769 km (Azərbaycan hissəsi 443 km, Gürcüstan hissəsi 250 km, Türkiyə hissəsi 1076 km), illik keçirmə qabiliyyəti 50 mln. tondur.

1999-cu ildə nəhəng Şahdəniz qaz-kondensat yatağı aşkar edilməsi ilə Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması üçün zəmin yaradıldı. 2001-ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalandı. 2007-ci ilin yanvar ayında Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi.

Ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu isə Azərbaycanı Türkiyə ilə dəmir yolu vasitəsilə birləşdirir. Şübhəsiz ki, layihənin çox böyük iqtisadi - siyasi önəmi var.

Bu gün Azərbaycanda 3 min Türkiyə şirkəti fəaliyyət göstərirsə, Türkiyədə qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin sayı 2 mindir. Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə yatırıbsa, Türkiyə Azərbaycana 12 milyar sərmayə ilə dəstək çıxıb. 2020-ci ildə bu dövriyyənin 20 milyard dollara çatacağı gözlənilir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Türkiyə   #Azərbaycan   #siyasət   #iqtisadiyyat  

Oxunub: 6065