Səfər Mehdiyev baş katiblə görüşdü


16:22     14 Yanvar 2019 2019/01/g3_1547468587.jpg

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Komitədən Femida.az-a daxil olan məlumata görə, ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən komitə sədri, bu əlaqələrin inkişafına, Azərbaycan gömrüyünə göstərilən dəstəyə görə Kunio Mikuriyaya təşəkkürünü ifadə edib.

Azərbaycan gömrük əməkdaşlarının potensialının artırılmasına xüsusi önəm verildiyini bildirən Səfər Mehdiyev bu istiqamətdə azərbaycanlı gömrükçülərin dünyanın mötəbər elm ocaqlarında təhsil almasına və təcrübə keçməsinə ÜGT və Yaponiya Gömrük Əməkdaşlığı Fondunun dəstək göstərməsini xüsusi vurğulayıb.

ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Fəaliyyətinə də toxunan Səfər Mehdiyev burada həm Azərbaycan gömrükçüləri üçün, həm də regional seminarların keçirildiyini və bu tədbirlərin gömrük işinin təşkilinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

O da qeyd olunub ki, fevralın 1-dən tam şəkildə tətbiq olunacaq “Yaşıl dəhliz” buraxılış sistemi idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, ticarətin asanlaşdırılmasına, ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə və könüllü riayət prinsipinin formalaşmasına mühüm töhfə verəcək.

Komitə sədri E-TIR, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma istiqamətində atılan addımlardan da bəhs edib və bu tədbirlərin risklərin analizi, ticarətin asanlaşdırılması, tranzitin inkişafına mühüm şərait yaradacağını söyləyib.

ÜGT-nin Baş katibi Kunio Mikuriya səmimi qəbula görə minnətdarlığını bildirib, vəzifəsinin icrasına yenidən başlarkən Azərbaycana səfər etməkdən qürur duyduğunu söyləyib. Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən biri olduğunu deyən Baş katib təmsil etdiyi qurumun bir neçə orqanının Azərbaycanda yerləşməsini qarşılıqlı səmərəli əlaqələrin, Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi yüksək qiymətləndirib.

Femida.az

Açar sözlər:

Oxunub: 346