Müdafiə sənayesi nazirliyi ləğv olundu - “Azərsilah” yaradıldı
19:20 14 Yanvar 2019
Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasına dair Fərman imzalayıb.
Femida.az xəbər verir ki, fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradılır.
Sənədə əsasən, Cəmiyyətin qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxs olduğu müəyyən edilib.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.
Fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırıb Prezidentə məlumat vermək, Cəmiyyətin nizamnaməsinin layihəsini, strukturu, o cümlədən nizamnamə kapitalının miqdarı, eləcə də Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin “Azərsilah” ASC-nin tabeliyinə verilməsi və s. məsələlərlə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Nazirlər Kabinetinə, həmçinin Müdafiə Sənayesi Nazirliyinin balansında olan dövlət əmlakının Cəmiyyətin balansına verilməsinin bir ay müddətində təmin edilməsi barədə də tapşırıq verilib.
Sənədə əsasən, “Azərsilah” ASC “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirəcək.
Oxunub: 632
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib
- Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edilib
- Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır
- Müdafiə Nazirliyi ev almaq istəyən hərbçilərə müraciət edib
- Müdafiə Nazirliyi əsgərin sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib
- Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı olub
- Müdafiə Nazirliyi azad olunan ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb