Hüquqpozmalar və qaçaqmalçılıqla mübarizə - Gömrük sahəsində təhlükəsizliyin təminatı


10:01     15 Yanvar 2019 19_01_15_1547531708.jpg


"Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinə təqdim olunur"

İstiqamət: "Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələləri"

İqtisadiyyatın inkişafı onun təhlükəsizliyinin təmin olunmasını tələb edir. Bu isə çox çətin və çoxşaxəli bir prosesdir. Hər bir ölkənin milli təhlükəsizlik konsepsiyası həmin ölkənin keçdiyi inkişaf yolundan və spesifik cəhətlərindən asılıdır.

Bu gün gömrük orqanlarının əsas vəzifəsi də məhz ölkənin iqtisadi təhlükəsizliyini təmin etməkdir. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə və qaçaqmalçılıq hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər gömrük orqanlarına, bununla da ölkə iqtisadiyyatına inamı artırar. Bu tədbirlərin olmaması isə insanların təhlükəsizliyini şübhə altında qoyar.


Respublika ərazisinə daxil olan malların, nəqliyyat vasitələrinin, habelə insanların gömrük yoxlamasından keçmədən gəldiyini təsəvvür etsək, ölkədə necə bir xaosun yarana biləcəyini göz önünə gətirin. Apardığımız kiçik bir sorğuya baxaq:



Heydər Əliyevin qoyduğu ənənə: Hüquqpozmalar və qaçaqmalçılıqla mübarizəyə xüsusi diqqət

“Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” – Ümummilli lider Heydər Əliyev bu sözləri əbəs yerə deməmişdi. Gömrük xidmətini dövlət müstəqilliyinin əsas atributlarından biri hesab edən ulu öndər həm də ölkənin milli, iqtisadi təhlükəsizliyi baxımından qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məsələlərinə xüsusi diqqət yetirirdi. Onun rəhbərliyi altında 1995-ci ilin əvvəllərindən respublikada gömrük işinin yenidən qurulmasına başlandı. 1997-ci ildə Azərbaycan Gömrük Xidmətinin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş geniş iclasda dövlət başçısının söylədiyi nitq bu gün də aktualdır:

“Hesab edirəm ki, sizin qarşınızda, Azərbaycan gömrük təşkilatının, Gömrük Komitəsinin qarşısında duran vəzifələr çox böyükdür və siz bu vəzifələri layiqincə yerinə yetirməyə özünüzü səfərbər etməlisiniz. Gömrük xidmətinin vəzifəsi təkcə iqtisadi xarakter daşımır, yəni gömrük xidməti Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün lazım olan bir təşkilat kimi, eyni zamanda, başqa funksiyalar da daşıyır. Bu funksiyaların hamısını siz layiqincə yerinə yetirməlisiniz”.

Ümummilli lider həmin iclasda qaçaqmalçılığın ictimai təhlükəlisini, ona qarşı ciddi mübarizənin zəruriliyini vurğulamışdı:

“Respublikamıza xarici ölkələrdən gizli yolla, yəni sərhədlərdən, gömrük məntəqələrindən keçən qaçaqmalçılarla mübarizə aparmaq lazımdır.... Qaçaqmalçılıqla mübarizə sizin qarşınızda duran əsas vəzifələrdən biridir. Qaçaqmalçılıq adi bir cinayət deyil. O, Azərbaycanın müstəqilliyinə iqtisadi cəhətdən zərbə vuran hallardan biridir. Ancaq qaçaqmalçılığın da bir neçə növü var. Bir var ki, qaçaqmalçılıq yolu ilə gömrük rüsumundan gizlətmək üçün mal keçirir, yaxud valyuta keçirirlər, amma bir də var ki, qaçaqmalçılıq yolu ilə narkotik maddələr, silahlar, cinayət məqsədi ilə istifadə olunması üçün başqa ləvazimatlar keçirirlər. Siz bu sahədə çox cavabdehsiniz. Şübhəsiz ki, bizim Sərhəd Qoşunları ilə birlikdə, başqa hüquq-mühafizə orqanları ilə birlikdə. Ancaq bütün malların keçirilməsinə birbaşa nəzarət edən orqan, bütün başqa orqanlardan fərqli olaraq gömrük orqanlarıdır, gömrük xidmətidir. Ona görə bunu birinci növbədə biz sizdən tələb edirik”.

Dövlət Gömrük Komitəsinin bütün digər strukturları kimi hüquqpozmalarla mübarizə bölmələri də ulu öndərin “gömrük işçisi gərək bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq olsun, vətəninə, ölkəsinə sadiq olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun” tələbinin məsuliyyəti ilə çalışırlar. Onlar milli təhlükəsizliyimizin qorunmasında, qaçaqmalçılığın və gömrük işi sahəsində digər cinayətlərin aşkarlanmasında, qarşısının alınmasında, milli iqtisadiyyatın və daxili bazarın kənar təsirlərdən qorunmasında üzərlərinə düşən vəzifə və öhdəlikləri layiqincə yerinə yetirirlər.

1996-cı ildə Heydər Əliyevin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” fərmanına əsasən, Azərbaycanda narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi elan edilmişdi. Bu tədbirlər ölkəmizin “ötürücü məntəqə” olmasının, eləcə də narkomaniyanın yayılmasının qarşısının alınmasında, narkotəhlükələrin aradan qaldırılmasında, bu istiqamətdə Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında böyük əhəmiyyət daşıyır.

Kompleks tədbirlər

Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi ərazi, Şərqlə Qərb, Şimalla Cənub arasında tranzit rolunu oynaması, regionda qeyri-stabil kriminogen halların yaşanmasını qaçılmaz edir. Gömrük orqanlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük rüsumundan və gömrük nəzarətindən yayındırılaraq gömrük sərhədindən keçirilməsinə cəhd edilən külli miqdarda mal, o cümlədən, qızıl, brilliyant və digər qiymətli daşlar kimi valyuta sərvətləri, qiymətli metallar, xaricdə istehsal olunan tütün məmulatları, spirt və spirtli içkilər, balıq kürüsü, xarici valyuta, bədii, tarixi, mədəni əhəmiyyət kəsb edən əşyalar, külli miqdarda saxta valyuta, dərman preparatları, ərzaq məhsulları, silah hazırlamaq üçün ləvazimatlar, tanklar və təyyarələr üçün ehtiyat hissələri, odlu və digər silahlar aşkar olunub. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitələr, psixotrop maddələr və prekursorlar qanunsuz dövriyyədən götürülüb.

2018-ci ilin aprelində Prezident İlham Əliyevin sərəncamı ilə Səfər Mehdiyevin Gömrük Komitəsinə sədr təyin olunmasından sonra gömrük sahəsindəki islahatlar daha da sürətləndi. Komitə sədrinin tapşırığı ilə ötən il gömrük-sərhəd keçid məntəqələrinə təşkil edilən mediaturlar çərçivəsində gömrük qanunvericiliyinə əməl olunması, kinoloji xidmətin apardığı xidmət, eləcə də hüquqpozmalarla mübarizə prosesləri əyani şəkildə nümayiş olundu ki, bu da ictimai nəzarətin nümunəsi idi.

Komitə sədrinin apardığı struktur və kadr islahatları nəticəsində vəzifələrə daha bacarıqlı, mütərəqqi intellektə və biliyə malik peşəkar kadrların təyinatı digər sahələrdə olduğu kimi hüquqpozmalar və qaçaqmalçılıqla mübarizədə şəffaflığın təminatına çevrildi.
Səfər Mehdiyevin korrupsiya hallarının sıfıra endirilməsi üçün verdiyi göstərişə uyğun olaraq 2018-ci ildə korrupsiya faktı ilə əlaqədar 100-dən çox əməkdaş işdən azad edildi.

DGK-nin fəaliyyətində prioritet istiqamətlərdən biri qaçaqmalçılıqla mübarizədir. Belə ki, Komitə yerli istehsalın qorunması, dövlət büdcəsinə ödənəcək vergi və rüsumlardan yayınma hallarının qarşısının alınması və iqtisadi zərərlərdən qaçmaq üçün qaçaqmalçılıq hallarına qarşı qətiyyətli mövqe nümayiş etdirir. Bu gün Azərbaycan gömrüyündə hüquqpozmalarla mübarizə üçün ən son texnoloji yeniliklər də tətbiq edilir. Buna misal olaraq, interaktiv nəzarətə imkan verən GPS sistemini qeyd etmək olar. Azərbaycan ərazisinə keçən bütün yük avtomobillərinə xüsusi elektron kilidlər - GPS-lər bağlanır. Bu vasitə ilə gömrükçülər Azərbaycana daxil olan maşınların nə vaxt, harada olduğunu izləyə bilirlər. Avtomobil təyinat üzrə hərəkət etməzsə və ya trayektoriyasından 150 metr uzaqlaşarsa, gömrük məntəqəsinə avtomatik məlumat ötürülür. Ən yaxın ərazidə olan mobil qruplar isə maşının yerini müəyyənləşdirib, dərhal müvafiq hüquq-mühafizə tədbirlərini həyata keçirirlər.

Rəqəmlər nə deyir?

Gömrük orqanları hüquqpozmalarla mübarizədə işini ildən-ilə təkmilləşdirir, gücləndirir. Təkcə 2018-ci ilin statistik göstəricilərinə baxmaq kifayət edir ki, gömrük orqanlarının hüquqpozmalar və qaçaqmalçılıqla mübarizədə necə aktiv işlədiyinin şahidi olaq.

Ötən il Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb. Ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib. Bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, valyuta və valyuta sərvətləri, zinət əşyaları, dərman preparatları, mobil telefonlar, pnevmatik və soyuq silahlar və digər mallar tutulub. Cari ildə gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar edilmiş 8 925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8 608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

Beynəlxalq əməkdaşlıq

İxrac-idxal əməliyyatları üzərində gömrük nəzarətinin, qaçaqmalçılıq hallarına və digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və xidmət mədəniyyətinin yüksəldilməsi tədbirləri ilə yanaşı, beynəlxalq əməkdaşlığı genişləndirməklə dünya gömrük sistemindəki öncül mövqeyini daha da möhkəmləndirib.

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi 2015-ci ildə məhz Bakıda açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015, 2017-ci illərdən sonra bu il yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib. Bu da ölkəmizdə gömrük orqanlarının fəaliyyətinə göstərilən diqqətə daha bir əyani misaldır.

Azərbaycanın beynəlxalq gömrük əməkdaşlığı sahəsində atdığı müsbət addımların nəticəsi olaraq 1996-cı ildə Avropa Birliyi və ona üzv olan dövlətlərlə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanıb. Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında” Beynəlxalq Konvensiyaya və onun I-X Əlavələrinə qoşulmaq barədə Azərbaycan Respublikasının qanunu var. 2002-ci ildə "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatların aparılması və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya"ya (Nayrobi Konvensiyası) qoşulub.
Son olaraq “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin 2018-2019-cu illəri əhatə edən gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığının və qarşılıqlı yardımının səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı” imzalanıb.

Və sonda...

Ölkəmizdə müasir tələblərə cavab verən gömrük sisteminin yaradılması işi dövlət və hökumət tərəfindən bu gün də dəstəklənir, gömrük sahəsində əldə olunan nailiyyətlər layiqincə dəyərləndirilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində vaxtaşırı gömrük orqanlarının maddi-texniki və intellektual bazasının möhkəmləndirilməsi, eləcə də ölkə rəhbərliyi tərəfindən bir sıra gömrük əməkdaşlarının xüsusi rütbələr və medallarla təltif edilməsi də dediklərimizə nümunədir.

Bu gün əminliklə demək olar ki, Azərbaycan gömrük xidməti ulu öndərin dediyi kimi, sözün həqiqi mənasında Azərbaycan Respublikasının müstəqilliyinin əsas atributlarından birinə çevrilib. Dövlət büdcəsinin formalaşması, milli iqtisadiyyatın stimullaşdırılması, istehlakçıların mənafeyinin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi çoxşaxəli funksiyaları ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şərəflə yerinə yetirən Dövlət Gömrük Komitəsi öz inkişafı ilə dünya gömrük ailəsində layiqli yerini tutur. Bu uğurlar eyni zamanda Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin uğurlarıdır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #gömrük   #DGK   #Komitə   #yazı   #müsabiq   #femida   #Amin_Nəzərli   #Mətbuat_Şurası  

Oxunub: 1949