Nazim Hikmətin doğum günüdür


11:25     15 Yanvar 2019 2019/01/nazim-hikmet3_3095074844.jpg

Bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür.



Femida.az xəbər evrir ki, görkəmli sosialist şair zədagan ailəsində dünyaya gəlib. Onun doğum tarixi mənbələrdə müxtəlif cür göstərilir. Türkiyə mənbələrində doğum tarixinin 20 oktyabr 1901-ci il olduğu qeyd olunur. Ancaq doğum haqqında şəhadətnaməsində 15 yanvar 1902-ci ildə anadan olduğu yazılıb.

Nazim Hikmət 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilib. "Sərvliklərdə" adlı ilk şeri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunub. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya gedib. 1921-ci ildə Sovet Rusiyasına gəlib, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub.

Nazim Hikmət 1924-cü ildə Türkiyəyə qayıdıb, inqilabi "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış edib. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət, 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlib. 1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şerlər kitabı çapdan çıxıb. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatıb və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilib.



1929-cu ildə "835 sətir", 1930-cu ildə "Baron-3", 1930-cu ildə "1+1=1", 1931-ci ildə "Səsini itirmiş şəhər" kitablarındakı şeirlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapıb. Onun "Kəllə", 1932-ci ildə "Bir ölü evi, yaxud mərhumun naləsi", "Bayramın ilk günü", 1935-ci ildə "Şöhrət və ya unudulan adam" pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilib. 1932-ci ildə Türk kommunistlərini yekdil mübarizəyə səsləyən "Gecə gələn teleqram" şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunub. Bir ildən sonra amnistiya əsasında azad edilib. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunub.



1935-ci ildə yazdığı "Taranta Babuya məktublar" poemasında, 1936-cı ildə qələmə aldığı "Alman faşizmi və irqçiləri" publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – "Şeyx Bədrəddinin dastanı" çapdan çıxıb. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" pyeslərini və s. əsərlərini həbsxanada yazıb. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olunub.




1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə "Türkiyədə", 1955-ci ildə "Qərib adam", 1956-cı ildə "İvan İvanoviç vardımı, yoxdumu", 1960-cı ildə "Domokl qılıncı" və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazıb. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər ("Bir məhəlləli iki oğlan", "Sevdalı bulud", "Yaşamaq gözəldir, qardaşım", "Məhəbbətim, kədərim mənim") çəkilib. Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirilib.

Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat edib.






Femida.az

Açar sözlər:

Oxunub: 872