Su daşıyır, çörək bişirir, palçıqlı yollarla məktəbə gedir - Ucqar kəndə gedən müəllimlə MÜSAHİBƏ


14:54     15 Yanvar 2019 2019/01/4_6190196608.jpg

Gülnar İsmayıl müsabiqə yolu ilə müəllimlik adını qazanan və öz istəyi ilə ucqar kəndə yollanaraq, oradakı uşaqların təhsil alması üçün çalışan xanım qəhrəmanlardan biridir. Ötən tədris ilində Daşkəsənin Dəstəfur kəndində çalışan Gülnar xanım bu il yerdəyişmə ilə Ağcəbədinin Mişni kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Femida.az gənc müəllimlə müsahibəni təqdim edir:

- Niyə müəllimlik?
- Özümü gördüyüm sənətdir. Təkcə iş xətrinə bu sənəti seçməmişəm.Universitetə sənəd verəndə bircə bu ixtisası yazmışdım. Bu da ədəbiyyata olan marağımdandır.



- Niyə rahatçılığı seçib Bakıda qalmadınız? Ucqar kəndə getmək öz istəyiniz idi?
- İlk dəfə müəllimliyə qəbul imtahanı verəndə Bakıya qəbul balım çatmadı. Daşkəsən rayonuna getdim. Oranın havası, mühiti çox gözəl idi. Həm də Bakı mühitindən uzaqlaşmaq istəyirdim. İkinci dəfə isə Bakıda işləmək üçün özümü yenidən yoxladım. Bu dəfə qəbul oldum, amma getmədim, getmək istəmədim. Amma yenə də iş yerimi dəyişdim. Ağcəbədi rayonu Mişni kəndinə təyinat aldım. Bunu ona görə etdim ki, həmin kənd mənə doğmadır. Orada çoxlu həmyerlilərim, qohumlarım yaşayır. Köklü bağlılıq məni ora apardı.

- Çətin deyil sizin üçün bir anda şəhər mühitindən qopub ucqar bir kənddə müəllim işləmək?
- Çətindir. Bu sözdə hamıya asan gələ bilər. 2017-ci ildə ilk dəfə Daşkəsənə gedəndə tanışlarım dedi ki, getmə, orada qala bilməyəcəksən. Arıq, cılız adamsan. Kənd mühiti səni sıxacaq. Amma mən qərarımı çoxdan vermişdim. Çətinlikləri nəzərə almışdım. Ona görə bulaqdan ağır bidonlarda su daşımaq, palçıqlı yollardan keçərək məktəbə getmək, internetsiz həyat, soyuq şərait və s. bu kimi çətinliklər var. İnsan məcbur qalanda hər şey edir. Bəzən işıq günlərlə yanmırdı. Kənddə ümumiyyətlə qaz yox idi, çörək satılmırdı, özüm bişirirdim.



- Kəndə gedəndə ilk olaraq hansı reaksiyanı aldız?
- İsti münasibətlə qarşılaşdım. İnsanlar gəlib məni görmək istəyirdilər. Amma bəzi qəribəliklər də olurdu. Mən boş , enli paltarlar geyinməyi sevirəm. Bəzən enli şalvarlar, köynəklər geyinirdim, şlyapa taxırdım. Bu zaman insanlar mənə qəribə baxırdı. Sanki kəndə yadplanetli gəlib (gülür).

- “Bura kənd yeridir, filan şey olmaz” tipli fikirlərlə qarşılaşdığınız hallar olurmu?
- Xeyr.



- Şagirdlərlə aranız necədir?
- Çox yaxşıdır. Onlar məni çox sevirlər. Mən çox ünsiyyətcil adam deyiləm. Amma şagirdlərim istisnadır. Tətilə gələndə hətta bəziləri ağlayırdı. Bir dəfə toplaşıb gedib direktora demişdilər ki, Gülnar müəllimi getməyə qoymayın. Mən iş yerimi dəyişəndə şagirdlər çox pis olmuşdu. Çünki mən onlarla təkcə müəllim yox, həm də dost idim. Mən təkcə dərs keçən müəllim obrazı yaratmaq istəmirdim.

- Bəs kənd camaatı ilə?
- Münasibətimiz çox yaxşıdır. Bəzən kimsə əlində bir sumka alma gətirib, yaxud bir qazan qatıq göndərirdi. Mən bu yay onları görməyə getdim. Bütün uşaqlar valideynləri ilə birlikdə məktəbin qarşısına yığılmışdılar. Bu mənim üçün böyük bir şeydir.



- Dövlətdən hansı dəstəyi almaq istəyərdiniz?
- Ötən il mənə kommunal xidmətlər və kirayə üçün əlavə pul verilirdi. Bədii ədəbiyyat azdır. Məktəbin isidilmə problemi var idi. Elə indi də Ağcəbədidə şərait fərqli deyil. Lövhələr hələ də təbaşirlə yazılır ki, bu da ziyanlıdır. Çox istəyərdim bu kənddə yeni məktəb tikilsin. Bu il məktəblərdə linqafon aparatı ilə danışıq imtahanı salıblar. Amma məktəbdə linqafon aparatı yoxdur. Kəndlərdə uşaqların hər dəfə çıxıb nəsə almaq imkanı yoxdur. Almaq üçün rayon mərkəzinə getməlidirlər.

- Həmişəlik ucqar bir kənddə qalıb müəllim işləmək təklifi olunsa, qəbul edərsiz?
- Sabah nə olacağını planlamıram. Deyə bilmərəm. Bu gün Çinə getmək istəsəm, durub gedə bilərəm.



- Bəs yüksək məvacib təklif olunsa, necə?
- Xeyr, bunun rolu yoxdur.

- Kənd uşaqlarının şəhər uşaqlarından fərqi nədir?
- Kənd uşaqları daha saf olurlar, daha sözəbaxandırlar. Onu da deyim ki, çox savadlı olurlar. Çünki onlar texnologiyadan uzaqdırlar. Mobil telefonları yoxdur, internetdə çox vaxt keçirmirlər. Ona görə dərslərinə daha yaxşı köklənirlər. Orada uşaqlar komputerin nə olduğunu kitabdan baxıb görürlər. Eyni zamanda kiçik yaşlarından ailələrinə kömək etməyə başlayırlar. Zəhmətkeş olurlar.



- Hansı halda müəllimlikdən vaz keçərdiniz?
- Heç vaxt. Çünki bu sənəti sevərək gəlmişəm.

- Azərbaycan təhsil sistemində hansı problemləri görürsüz?
- Ən bəyənmədiyim hallardan biri müəllimlərin şagirdlərə olan münasibətidir. Bizdə müəllimlərin özünü şagirddən üstün tutmasını bəyənmirəm. “Mən gəlirəmsə, ayağa qalxmalısan, dediklərimi mütləq etməlisən” deyə bir şey yoxdur. Uşaq oxumaq istəmirsə, onu məcbur edə bilməzsən. Bu da uşaq psixologiyasını bilməməkdən irəli gəlir.



- Orada olanda ən çox nə üçün darıxırsınız?
- Öz otağım üçün, evim üçün. Ötən ilki şagirdlərim üçün darıxıram.

- Sonda əlavə etmək istədiyiniz nəsə varmı?
- İnsanlardan xahiş edirəm, hər gördüyünüz adama müəllim deməyin. Müəllim adı ucadır. Məsələn, mən atamla bazara gedirəm. Ona müəllim deyirlər. Halbuki atamın müəllimliklə heç bir əlaqəsi yoxdur. Bir çox idarələrdə bunu müraciət formasına çeviriblər. Bəlkə də o adamın cəmiyyətə heç bir faydası yoxdur, amma ona müəllim deyirlər. Bu müəllim adını alçaltmaqdır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #müəllim   #müsahibə   #təhsil   #femida   #Daşkəsən   #Ağcabədi   #qadın  

Oxunub: 3659