Azərbaycanda konsulluq xidmətləri ASANlaşdı

Azərbaycanda konsulluq xidmətləri ASANlaşdı


11:06     16 Yanvar 2019 ASAN.jpg


Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə imzalanmış müvafiq Fərmanına əsasən, “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin sayı artırılıb.


Femida.az-ın məlumatına görə, mərkəzlərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, həmçinin viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi xidmətləri də həyata keçiriləcək.

Məqsəd sözügedən xidmətlərin “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilməsi yolu ilə bu sahədə olan neqativ halların aradan qaldırılması, şəffaflığın təmin edilməsidir.

Xidmətlərin təşkili “ASAN xidmət” standartlarına uyğun olaraq operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təmin ediləcək.

Eyni zamanda, müvafiq Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə “Elektron hökumət” portalı vasitəsilə konsulluq xidmətlərinin elektron qaydada göstərilməsini təmin edəcək.

Müvafiq Fərman 1 mart 2019-cu il tarixindən qüvvəyə minəcək. Beləliklə, “ASAN xidmət” mərkəzlərində 12 dövlət orqanı, həmçinin özəl təşkilat və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 285