Efirdə şəxsi həyatı müzakirə edən vəkillərə - Həmkarlarından ETİRAZ


16:27     16 Yanvar 2019 19_01_16_1547643160.jpg


Son vaxtlar ölkə telekanallarında yayımlanan ailə-məişət mövzulu verilişlərdə qeyri-etik çıxışlar, şüuraltı mesajlar çoxalıb. Qadınların ailə məsələlərində qanuna əsasən yox, mental dəyərlər əsasında ittiham olunması, ailədaxili məsələlərin efir vasitəsi ilə ictimailəşdirilməsini bir növ şəxsi həyata müdaxilə də saymaq olar. Xüsusilə də bu cür mənfi fikirlərin cəmiyyətə örnək sayılacaq peşə sahibləri tərəfindən verilməsi daha üzücüdür.


Görünən odur ki, bəzi vətəndaşların bilgisizliyindən istifadə edərək verilən bu açıqlamalar verilişi izləyən şəxslərin də şüur altına məsələni qanuni yox, şəxsi yanaşma əsasında həll etməyi tövsiyə edir.

Femida.az mövzuya münasibət öyrənmək üçün vəkillər arasında sorğu keçirib. Sualımız isə belə olub:

“Vəkilin efirdən qeyri-etik çağırışlar etməsi, ailədaxili məsələlərə şərh bildirməsi vəkilin peşə davranışı qaydalarına ziddirmi?”

Ədalət təmsilçilərinin mövzu ilə bağlı fikirlərini təqdim edirik:

Ayazbəy Əhmədov:



"Birinci növbədə qeyd etmək lazımdır ki, hüquqşünas ixtisası olub-olmamasından asılı olmayaraq, bir çox şəxslər özlərini vəkil kimi təqdim edirlər. Lakin ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır ki, vəkil adından yalnız hüquqşünas ixtisası olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri istifadə edə bilərlər. Məhz Vəkillər Kollegiyasının üzvlərinin davranış qaydaları xüsusi əsasnamə ilə tənzimlənir. Belə ki, Vəkillərin Davranış Qaydaları haqqında Əsasnamənin 2.5-ci bəndində göstərilir ki, vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır. Bu tələbləri pozan vəkillərin barəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin görülməsi istisna olunmur".

Ramil Rüstəmov:



"Vəkilin efirdə qeyri-etik çağırışlar etməsi və ailədaxili məsələlərə şərh bildirməsi vəkilin peşə davranışı qaydalarına ziddir. Mən bizim efirdə bəzi verilişlərə baxıram. Verilişlərin birində qadın vəkil var ki, insanları çıxıb təhqir edir, təhdid edir, üstlərinə qışqırır. Vəkil efirdə vəkilləri, Vəkillər Kollegiyasını təmsil edir. Vəkil insanlara nümunə olan bir şəxs kimi bunu etməməlidir. Əskinə nigahın pozulması, alimentin tutulması, uşağın kimin yanında qalması və s. ailə məsələlərində fikirlər bildirəndə mütləq Ailə Məcəlləsinə istinad etməlidir. Bir sözlə vəklil olaraq çıxış etməlidir".

Absələddin Əliyev:



"Vəkillərin davranış qaydaları haqında" əsasnamənin 2.13-cü bəndində davranış qaydalarından biri olan İctimailik təsbit olunub. Həmin davranış qaydasına əsasən, həmçinin o da müəyyən olunub ki, Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və kütləvi çıxışlarda dövlət, qeyri-dövlət və onların vəzifəli şəxsləri barəsində əsassız, böhtan xarakterli məlumatların yayılmasına yol verməməli və həmin şəxslərə qarşı qeyri-etik ifadələr işlətməməli və davranışlara yol verməməlidir.
Ailədaxili münasibətlər isə çox həssas məqam olduğundan, həmçinin insanların şəxsi toxunulmazlıq hüququ ilə sıx bağlı olduğundan konkret şəxslərin arasında olan belə münasibətlərə efirdən şərh verilməsi arzuolunan deyil. Lakin vəkil ictimai bir fiqur olaraq bu konteksdə movcud olan institusional problemləri, onların həlli yolları barədə öz görüşlərini dilə gətirə bilər".

Tural Süleymanov:



“Hər birimiz Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşıyıq. Qanunlar peşə və ixtisasından asılı olmayaraq, hər kəsə bərabər şamil olunur. Vəkil olmaq heç kimə xüsusi status vermir ki, başqalarını təhqir etsin. Heç kəsin başqasının şəxsi həyatına müdaxilə etmək hüququ yoxdur. Konstitusiyanın 32-ci maddəsində də göstərilir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Şəxsin razılığı olmadan onun şəxsi və ailə həyatına müdaxilə etmək və bu məlumatları yaymaq qadağandır.
Şəxs sənə icazə vermirsə, məsləhət almırsa, fikrini soruşmursa, hansı ixtiyarla efir vasitəsi ilə başqasının həyatına müdaxilə edib buna dair məsləhətlər vermək olar?!".

Sadiq Əfəndiyev:



"Əlbəttə vəkilin qeyri - etik hər bir hərəkəti vəkillərin davranış qaydalarına ziddir. Vəkil tərəfindən təmsil etdiyi peşəni nüfuzdan salan hərəkətlərin edilməsi, eləcə özgəsinin ailə həyatına qeyri - etik formada da müdaxilə edilməsi yolverilməzdir.
Nəinki vəkil, ümumiyyətlə heç kimin insanların kütləvi şəkildə izlədiyi efirdə etik çərçivədən kənara çıxmağa, kiminsə ailə məsələlərindən şou düzəltməyə ixtiyarı yoxur. Telekanlallarda belə vəziyyətin yaranmasının əsas səbəbi ilk növbədə tərbiyə məsələsi olsa da, digər səbəbi şou xarakterli qeyri-etik hərəkətlərin (danışıqların) nümayiş etdirilməsinə rəvac verən, hətta bunu iştirakçılardan açıq-aşkar tələb edən həmin verilişin şou mahiyyətindədir".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #qanun   #hüquq   #efir   #peşə   #sorğu   #femida   #qayda  

Oxunub: 4062