Azərbaycanda bütün yoxlamalar dayandırıldı


20:10     20 Oktyabr 2015 milli_mejlisssazer3314.jpg


Milli Məclis sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını təsdiq edib.

Femida.az xəbər verir ki, parlamentin bu gün keçirilən son plenar iclasında Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, layihə 3 maddədən ibarətdir: “Yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər”.

Layihədə qeyd olunur ki, həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Açar sözlər:

Oxunub: 1235