Oqtay Əsədov İranın Qərargah rəisi ilə görüşüb


20:25     16 Yanvar 2019 oqtay.jpg

Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədov Bakıda səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqerinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MM-in Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, O.Əsədov Məhəmməd Baqerinin tutduğu vəzifədə Azərbaycana ilk səfərinin uğurlu olacağına inamını edib. O bildirib ki, Azərbaycan və İran iki dost və mehriban qonşu ölkələrdir: “Bizi bir-birimizə bağlayan mühüm tarixi, mədəni və dini ortaq dəyərlərimiz vardır. Məhz bu dəyərlər zəminində münasibətlərimizi qarşılıqlı anlaşma şəraitində daha da dərinləşdirmək üçün yaxşı şərait mövcuddur. Əməkdaşlığımızın inkişafında dövlət başçılarının rolu və siyasi iradəsi mühüm rol oynayır. Son beş ildə hər iki ölkə prezidentləri 12 dəfə görüşmüş, danışıqlar aparmışlar.

Onların qarşılıqlı səfərləri zamanı müzakirə olunan məsələlər ümumi məqsədlərə xidmət edir. Siyasi sahədəki yüksək səviyyəli dialoq iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərir. Əgər 2017-ci ildə ticarət dövriyyəmizin həcmi 257 milyon ABŞ dolları həcmində olmuşdursa, bu ilin 9 ayı ərzində bu göstərici 400 milyona çatmışdır. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə biz ticari münasibətlərimizdə əhəmiyyətli dönüşə malik ola bilərik. Qarşıdakı hədəflərə çatmaq üçün Hökumətlərarası Müştərək Komissiyanın imkanlarından, biznes-forumların yaratdığı şəraitdən daha səmərəli faydalanmaq niyyətindəyik”.

Spiker qeyd edib ki, parlamentlərarası münasibətlərimiz yüksək səviyyədədir. O, İran İslam Respublikasına son səfəri zamanı keçirdiyi görüşləri və aparılan danışıqları müsbət dəyərləndirib, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib: “Beynəlxalq təşkilatlar çərçivəsində deputatlarımızın mütəmadi görüşləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından çox önəmlidir”.

O.Əsədov Qafqazın bu bölgəsindəki proseslərlə bağlı fikirlərini açıqlayaraq, regional münaqişələrin ədalətli həllinin region üçün əhəmiyyətini vurğulayıb. İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqeri Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib.

O, İran parlamentinin spikeri Əli Laricaninin salamlarını Milli Məclisin sədrinə çatdıraraq, qanunverici orqanlar arasında münasibətlərin dərinləşməsinin önəmli olduğunu qeyd edib: “Müştərək dəyərlərə malik iki xalq arasında münasibətlərin daha da inkişaf etməsi zamanın tələbidir. İran tərəfi siyasi, iqtisadi, humanitar, hərbi və digər sahələrdə gələcəkdə də Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir”.

Regional münaqişələrin danışıqlar yolu ilə həllinin vacibliyindən danışan M.Baqeri İranın Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığı prinsipini dəstəklədiyini bir daha vurğulayıb. Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparılıb.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov, İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 393