30 ildir Naxçıvanın işğal altında qalan yeganə kəndi: Kərkidən SON FOTOLAR


10:08     18 Yanvar 2020 2019/01/ker_4643396298.jpg


Bu gün Kərki kəndinin ermənilər tərəfindən işağl olunmasından 30 il ötür. Azərbaycanın ən qədim kəndlərindən olan Kərki Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidinə daxildir. Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni qəsəbə salınıb. Məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşıb.


1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçiriblər. Həmin gündən davam edən şiddətli döyüşlərdən sonra yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olunub. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək, qədim diyarın müdafiəsində iştirak etdilər.

1990-cı il yanvarın 18-i səhərə kimi Kərki kəndi inadla müdafiə olundu. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna, silah çatışmazlığına və dörd bir tərəfdən mühasirə şəraitində olduğuna görə, vəziyyət faciə ilə nəticələnə bilərdi. Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub, son ana qədər düşmənə ciddi müqavimət göstəriblər. Həmin gün kənd səhər saat 4 radələrindən saat 18-19-a qədər şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş ləvazimatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Kərki də, digər işğal olunmuş ərazilərimiz kimi, xəyanət nəticəsində düşmənin əlinə keçib.


Ermenilerin işğal etdiyi Naxçıvanın Kərki kəndindən reportaj

12–14 km-lik döyüş zolağı olan Sədərəyin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Kərkidə hazırda Bakıdan və Gəncədən qayıdan ermənilər məskunlaşıb. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var. Yerlilərin müharibə ilə bağlı xatirələrinə qandondurucudur. Bu günədək düşmən mövqeləri ilə üz-üzə yaşayır və çalışırlar.

Kərki Sədərək rayonu, Arpa çayı sahilində, düzənlikdədir. Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınıb. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.



















Amin Nəzərli

Femida.az

Açar sözlər: #Kərki   #işğal   #Naxçıvan   #erməni   #Qarabağ   #ordu   #Sədərək   #fotolar  

Oxunub: 7892