Qərbin ikili standardları ifşa olundu


22:40     20 Oktyabr 2015 avropa8.jpg


Son dövrlərdə Avropa belə bir qənaətə gəlib ki, Türkiyə Avropa Şurasına daxil olan ölkələr sırasında ifadə azadlığını məhdudlaşdırmaq baxımından ilk yerə çıxıb. Bu iddianı irəli sürən beynəlxalq təşkilatlar arqument olaraq son dönəmdə 107 nəfər jurnalistin həbsə düşməsini göstərirlər. Qeyd edirlər ki, Türkiyə jurnalistlərin həbsindən əlavə, internetə, xüsusən sosial şəbəkələrə məhdudiyyətlər tətbiq etməsi nəticəsində, hətta "jurnalistlərin ölüm sayına görə ilk yerdə duran Rusiya"nı da qabaqlayıb.

Vurğulanır ki, 2015-ci ilin aprel ayında Türkiyə məhkəmələri prokuror Mehmet Selim Kirazın başına tapançanın dirəndiyini əks etdirən fotoşəkillərin sosial mediada geniş yayıldığını əsas gətirərək, "Facebook", "Twitter" və "YouTube"a girişi yasaqlayıblar. Yalnız prokurorun girov götürülməsini əks etdirən görüntülər qeyd edilən şəbəkələrdən yığışdırıldıqdan sonra məhkəmə Türkiyədə sosial mediaya qoyulmuş məhdudiyyətləri aradan qaldırıb. Amma bu, Türkiyədə internet saytları və şəbəkələrin fəaliyyətinə qoyulan ilk qadağa halı deyil. "Gezi olayları" dönəmində, ölkənin hər yerində nümayişlər gedəndə, hadisələrin qızışmasında sosial şəbəkələrin, xüsusilə "Twitter" və "Facebook"-un çox böyük rolu olduğu isbatlanmışdı. Bu şəbəklər nümayişçilərin təşkilatlanmasında, bir-birlərinə xəbər verməsində xüsusi missiya daşımışdılar. Nəticədə olaraq öncə "Youtube", sonra "Twitter", "Facebook"a giriş yasaqlanmışdı.

Sadalananları nəzərə alaraq, bütün beynəlxalq jurnalist təşilatları, o cümlədən insan haqlarının müdafiəsi üzrə ixtisaslaşmış digər beynəlxalq QHT-lər Türkiyənin adını müxtəlif rəngli siyahılara daxil edərək, beynəlxalq ictimai rəyi bu ölkəni qınamaq istiqamətində yönləndirdilər.

Ötən həftə, oktyabrın 13-dən 15-dək Avropa Şurasının təşkilatçılığı ilə qurumun Strasburq şəhərindəki mərkəzi ofisində ifadə azadlığı məsələlərinə həsr edilmiş konfrans keçirildi. "İfadə azadlığı demokratiyanın şərtidir" başlığı ilə keçirilən konfransa BMT, Avropa Birliyi, Avropa Komissiyası, Avropa Şurasının təmsilçiləri ilə yanaşı "Facebook", "Youtube" və digər sosial şəbəkələrin koordinatorları, beynəlxalq jurnalist təşilatlarının və insan hüquq müdafiəsi üzrə ixtisaslaşmış qurumların təmsilçiləri qatılaraq ciddi tezislərlə çıxış etdilər. Tədbirin gedişində ən yadda qalan məruzəni isə Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan etdi. Türkiyədə ifadə azadlığının pozulması baxımından cərəyan edən hadisələrə aydınlıq gətirilməsi üçün dəvət edilən Arslan öncə ifadə azadlığını plüralizmin müdafiəsi, cəmiyyətin müxtəlifliyinin artırılması, insanların ləyaqətinə hörmətin təmin edilməsi nöqteyi-nəzərdən zəruri hal kimi dəyərləndirdi. Dərhal da təəssüflə qeyd etdi ki, ifadə azadlığı anlayışından sui-istifadə hallarına da yol verilir və bu, bəzən insan həyatı üçün təhlükəyə çevrilir. İfrat solçu DHKP-C qrupuna məxsus olduğu deyilən iki silahlı şəxsin aprel ayında İstanbulun mərkəzi məhkəmə binasında prokuroru girov götürdüyünü xatırladan hakim həyata keçirilən əməliyyat zamanı silhalılarla yanaşı, prokurorun da həyatını itirdiyini diqqətə çəkdi. DHKP-C -nin Türkiyə, Aİ və ABŞ tərəfindən terrorçu qrup kimi tanındığını qeyd edən Arslan əməliyyatdan sonra Avropa təşkilatlarının terrorçuları yox, Türkiyə məhkəmələrinin sosial şəbəkələri müvəqqəti dayandırmasını müzakirəyə çıxarmalarından təəccübləndiyini diqqətə çatdırdı. Hansı ki, DHKP-C öz əməllərini yerinə yetirmək üçün sosial şəbəkələrdən gen-bol yararlanmışdı. "Twitter"in, Türkiyəni ötən ilin iyulundan dekabr ayınadək olan müddətdə sosial medianı məhdudlaşdıran "dünya lideri" kimi təqdim etmək üçün kampaniya apardığını, amma terrorçuların sosial şəbəkələrdən gen-bol istifadə edərək əlaqə qurmalarını, təşkilatlanmalarını, təbliğat aparmalarını, insanlarda vahimə yaratmalarını gözardı etmələrini anlamadığını deyən Arslanın son xitabı daha təsirli oldu: "Türkiyə məhkəmələri çoxsaylı müraciətləri nəzərə alaraq, "Facebook", "Youtube", "Twitter" ə girişi müvəqqəti yasaqlayan qadağaları dərhal aradan qaldırdı, 3-5 terroristin ifadə hüququ bərpa edildi. Amma həmin terrorçular 3 gün öncə, oktyabrın 10-da 100-lərlə Türkiyə vətəndaşını yenidən qətlə yetirdilər. Mən 3 gün öncə 100-lərlə vətəndaşın dəfnində iştirak edib, sonra buraya gəlmişəm. Həmin insanların da deyəcəkləri sözlər var idi, onların da azad ifadə hüququ var idi. Amma bu hüquqdan heç vaxt istifadə edə bilməyəcəklər, çünki öldürüldülər. İndi buyurun, Sizlər, avropalılar, həmin 100-lərlə insanın ifadə hüququnu bərpa edin! Edə biləcəksinizmi?"

Arslan qeyd etdi ki, beynəlxalq təşkilatların Türkiyədə 107 jurnalistin həbsdə olması barədə iddiaları da yalandır: "Adı bu siyahıda keçənlərdən yalnız 6 nəfəri Basın Yayın və İnformasiya Müdürlüyü tərəfindən verilmiş Basın kartı daşıyır", yəni vahid formalı vəsiqəsi olan jurnalistdirlər. Qalan 101 nəfər isə terror şəbəkələri ilə əlaqəsi olan internet fəallarıdırlar ki, beynəlxalq təşkilatlar da hər hansı bir əsas olmadan onların adını həbsdə olan jurnalist kimi siyahılara daxil ediblər. Hansı ki, bu 101 nəfərin jurnalist olduğunu isbatlayan heç bir sənəd və ya fakt yoxdur. Türkiyə təmsilçisi vurğuladı ki, sosial şəbəkələrin inkişaf etməsindən sonra Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilmiş bir sıra hüquqların, o cümlədən ifadə azadlığına üstünlük verən prinsiplərlə ifadə azadlığını məhdudlaşdıran prinsiplərin toqquşması halları intensivləşib ki, bu da mövcud problemləri dəyərləndirməli olan hakimlər üçün ciddi problemlər yaradır. O baxımdan mövcud prinsiplərə yenidən baxılması zəruridir.

Konfransda diqqət çəkən məqam, tədbirə qatılan yüksək rütbəli Avropa təmsilçilərinin Arslanın nitqini alqışlarla qarşılamaları oldu. Demək olar ki, Zühtü bəyin hər bir tezisi bütün konfrans üçün müzakirə mövzusuna çevrilərək təqdirlə qarşılandı. AŞ baş katibi Torbyorn Yaqland isə türkiyəli hakimə təşəkkür etməklə kifayətlənmədi, 13 oktyabr axşamı Türkiyə səfiri adından verilən ziyafətdə sona qədər iştirak edərək, Arslan bəyin dilindən səslənən Türkiyə həqiqətlərinin tanınmalı olduğunu dilə gətirdi. O, ifadə azadlığını ehtiva edən Avropa dəyərlərinin internetin inkişafına uyğun olaraq yenidən tənzimlənməsinin zamanının çatdığını qeyd eyd etdi.

Türkiyəli hakimə qarşı sərgilənən münasibət illüziyalar aləmini xatırlatdı. Avropalıların indiyədək bu qədər ağıllı ifadələr eşitməmiş, Türkiyədə olan gerçəklərdən xəbərsiz kimi davranmaları, Zühtü bəyə haqq qazandırmaları, təccüb doğurmaya biməzdi. Çünki Türkiyə bu həqiqətləri son illərdə dəfələrlə təkrarlayıb, hərəkətlərinə bəraət istəyib, haqqının tanınmasına çalışıb. Türkiyə bu sahədə tək də olmayıb. Beynəlxalq statuslu Avropa təşkilatlarının bu illərdə "anlamadığı həqiqət" təkcə Türkiyə ilə bağlı olmayıb; Azərbaycan daxil olmaqla, bir çox ölkələr öz həqiqətələrini anlatmaq üçün hələ də çaba göstərir.

Konfrans iştirakçıları 14 oktyabrda daha bir sürprizlə qarşılaşdılar. Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bəyan etdi ki, "erməni soyqırımını" tanıyan dövlətlər rəsmi mövqeni tənqid edən şəxslərə qarşı sanksiyalar tətbiq edə bilməzlər. AİHM "Perinçek İsveçrəyə qarşı" iş üzrə hökmünü elan edərkən İsveçrə tərəfindən türkiyəli siyasətçi Doğu Perinçekin söz azadlığı hüququnun pozulduğunu bildirdi. Nəzərə alaq ki, 17 hakimdən ibarət Strasburq Məhkəməsinin Böyük Palatasının bu qərarını almaq üçün türkiyəi hakimlər 2007-ci ildən bəri mübarizə aparıblar.

Beləcə, Türkiyənin bir həftə ərzində sürprizlərlə dolu hadisələrlə rastlaşmasının səbəbləri haqqında sual ortaya çıxır. Amma sual öz cavabını çox gözlətmədi: Oktyabrın 15-də Almaniya kansleri Angela Merkel qaçqınlar məsələsi ilə bağlı Ankara ilə əməkdaşlığa dair razılığa gəldiklərini açıqladı. Onun sözlərinə görə, Aİ sammitinə qatılan Avropa ölkələrinin liderləri, Türkiyənin Aİ-də üzvlüyü ilə bağlı danışıqlar prosesinin aktivləşdirilməsinə dair razılığa gəliblər. Həmçinin miqrant probleminin həlli ilə bağlı Ankaraya 3 mlrd. avro ayırmaq imkanını nəzərdən keçiriblər. Hansı ki, Türkiyə Avropanı bu problemdən xilas etmək üçün 7 milyard avro istəmişdi. Deməli, Avropa 3 milyard avroluq vəd vermək və Türkiyə həqiqətlərini, sadəcə, dilə gətirməklə, 4 milyard dollar qazandı, həm də miqrantları öz ərazisinə buraxmamaq üçün səbəb tapmış oldu.

Belə çıxır ki, ifadə azadlığı anlayışının da daxil olduğu "Avropa dəyərləri" maraqların təmin edilməsi üçün istifadə olunan bir söz yığınıdır. Hansısa dövlətləri gözdən salmaq üçün onu ən kəskin formada ortaya qoymaq, maraqlar tələb edəndə, onun dəyişdirilməsini ehtiva edən fikirləri qəbul da etmək olar./milli.az/

Açar sözlər:

Oxunub: 1298


Oxşar xəbərlər