Dövlət qurumlarının səlahiyyətləri bütün bölgələrdə "ASAN xidmət"ə verilməyib


16:48     18 Yanvar 2019 2019/01/50418428_1015259541931359_2883447451178500096_n_1547815846.jpg


17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Bu fərmanla bəzi dövlət qurumlarının xidmətləri alınaraq "ASAN xidmət"in səlahiyyətlərinə verildi. Lakin bu o demək deyil ki, həmin xidmətlər ölkənin bütün rayonlarda sözügedən qurumların səlahiyyətindən çıxarılıb.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

"Sözügedən fərman yalnız "ASAN xidmət" mərkəzlərinin yerləşdiyi rayon və şəhərlərdə qüvvədə olacaq. Bu bölgələrdə xidmətlər alternativsiz, yalnız ASAN xidmət tərəfindən təqdim olunacaq.

ASAN Xidmət mərkəzləri olmayan rayon və şəhərlərdə isə xidmətləri hələ də əvvəlki qurumlar həyata keçirəcək", - deyə Elnur Niftəliyev qeyd edib.

Qeyd edək ki, ötən gün ölkə başçısının fərmanı ilə şəxsiyyət və sürücülük vəsiqələrinin, xarici pasportların verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması və s. kimi bir çox xidmətlər digər dövlət qurumlarından alınaraq ASAN xidmətin səlahiyyətinə verilib.

Hazırda Azərbaycanda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Qeyd edək ki, bu il daha 5 rayonda "Asan xidmət" mərkəzinin açılması planlaşdırılır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ASAN   #ASAN_xidmət  

Oxunub: 554