Ali Məhkəmə apellyasiya məhkəməsinin hökmünü ləğv etdi


21:08     18 Yanvar 2019 alimehkeme.jpg

Ali Məhkəmədə Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Ramiz Mirzalıyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Femida.az-ın Report-a istinadən xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə qərarı tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə 2015-ci il fevralın 20-də baş verib. R.Mirzalıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Binəqədi şosesində hərəkətdə olarkən yolu keçmək istəyən piyada İlqar Xanməmmədovu vurub. İ.Xanməmmədov xəstəxanaya çatdırılıb.

Yaralı Azərbaycanda bir müddət müalicə olunandan sonra Gürcüstana aparılıb. Lakin o, hadisədən 1 il 4 ay sonra Gürcüstanda dünyasını dəyişib.

R.Mirzalıyevin barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Mirzalıyevə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun proitestini təmin etməyib, birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayıb. Prokurorluq daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1753