ABŞ-da öldürülən azərbaycanlının meyiti vətənə gətirildi - ÖZƏL


10:36     20 Yanvar 2019 19_01_20_1547966231.jpg


ABŞ-da öldürülən azərbaycanlı Elçin Xəlilovun meyiti Azərbaycana gətirilib.


Femida.az-ın əldə etdiyi məlumata görə, Bakı vaxtı ilə səhər 8:30-da Elçinin cənazəsi Heydər Əliyev adına hava limanına çatdırılıb.

Meyiti qəbul etmək üçün Elçinin qardaşı və yaxın dostları Bakı aeroportuna gediblər. Mərhumun cəsədi dəfn olunmaq üçün doğulduğu Sumqayıt şəhərinə aparılıb. Dəfn mərasimi bu gün günorta saatlarında baş tutacaq.

Qeyd edək ki, Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub.

2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində «Fixer Electronic Repair» dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.

Bu il yanvarın 14-də yerli vaxtla səhər 11 radələrində onun sahibi olduğu mağazadan oğurluq etməyə çalışan şəxs Elçini güllələyərək öldürüb. Cinayətkar mağazadakı bütün pulları götürərək qaçıb. Polis hələ də onun izindədir.

Qeyd edək ki, dostları Elçinin meyitinin Azərbaycana ekstradisiyası üçün fond yaradıb. Qısa zamanda fonda 35 min dollar pul toplanıb və beləcə mərhumun cəsədi vətənə göndərilib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Sumqayıt   #ABŞ   #Elçin_Xəlilov   #cinayət   #qətl   #azərbaycanlı  

Oxunub: 1296