Qarabağ həqiqətlərini işıqlandıran qəhrəman operator - Fəxrəddin Şahbazovun doğum günüdür


10:21     22 Yanvar 2019 19_01_22_1548138036.jpg


Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Fəxrəddin İbrahim oğlu Şahbazovun doğum günüdür. Yaşasaydı, 69 yaşı olacaqdı.

Fəxrəddin Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulub. 1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil alıb. 1969-1971-ci illərdə hərbi xidmətdə olub. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışıb.

Döyüşlərdə iştirakı
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırırdı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq, cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişdilər. Dinc sakinlər qətlə yetirilmiş, kəndlər yandırılmışdı. 20 noyabr 1991-ci il dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşdülər.

Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə ututdular. Vertolyot yerə düşərək parçalandı və bütün heyət həlak oldu. Şəhidlərin arasında Şahbazov Fəxrəddin də var idi.

Xatirəsi
Azərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Fəxrəddin Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakı şəhərinin Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.

Femida.az

Açar sözlər: #Qarabağ   #operator   #milli_qəhrəman  

Oxunub: 786