Növbəti snayper hazırlığı kursu başa çatıb


11:18     22 Yanvar 2019 2019/01/10976-1548140821_1548141615.jpg

Naxçıvan Qarnizonu qoşunlarında növbəti mütəxəssis snayper hazırlığı kursu uğurla başa çatıb.


Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, növbəti mütəxəssis snayper hazırlığı kursunun uğurla başa çatması münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.

Məzunlar adından çıxış edən kurs birincisi gizir Şahmar Orucov bildirib ki, real döyüş əməliyyatlarına yaxın təşkil edilmiş məşğələlərdə qazandıqlarımız nəticəsində ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazırıq.



Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu piyada qədəmli baş çavuş Murad Bayraqdar kursda qazanılan nailiyyətlərdən danışıb. Bildirilib ki, kurs zamanı gecə və gündüz şəraitində snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə ən çətin atışlar icra edilib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək bildirib ki, hər iki qardaş ölkənin hərbi qulluqçularının kurs zamanı keçirilən məşğələlərdə vətənpərvərlik hissləri ilə peşəkarlıq nümayiş etdirməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisidir.



Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi mütəxəssis snayper hazırlığı kursunda şəxsi heyətə kəskin relyef və iqlim şəraitində fəaliyyət göstərmək üçün dözümlü, təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanıb. Çıxışların ardından kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar və döş nişanları təqdim edilib. Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub.

Femida.az

Açar sözlər:

Oxunub: 563