Bu ət kəsimi məntəqələri sökülür

Bu ət kəsimi məntəqələri sökülür


16:31     22 Yanvar 2019 2019/01/15471259982654649149_1000x669_1548160366.jpeg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir.



Qurumdan Femida.az-a bildirilib ki, bununla bağlı olaraq yanvarın 22-də Agentlik tərəfindən paytaxtın Binəqədi rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş reydlərdə Binəqədi Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Reyd zamanı 20-yə yaxın qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb. Eyni zamanda, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.

Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 290