Monteneqro Azərbaycanda diplomatik missiya açmaq istəyir
17:45 22 Yanvar 2019
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Monteneqro Xarici İşlər Nazirliyinin baş katibi Veselin Şukoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb. Tərəflər iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qarşılıqlı sərmayə yatırımını təşviq etmək və iki ölkə arasında ticarət dövriyyəsini artırmaq məqsədilə biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb. Nazir E.Məmmədyarov qonağa Cənub Qaz Dəhlizinin inkişafı, TANAP və TAP layihələri haqqında məlumat verdi və bu əsnada Monteneqro ilə əməkdaşlıq məsələlərini diqqətə çəkib.
Nazir E.Məmmədyarov Monteneqronun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın ədalətli mövqeyinə verdiyi qəti dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin hazırkı mərhələsi barədə qarşı tərəfi məlumatlandırıb.
V.Şukoviç ikitərəfli münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyulduğunu ifadə edərək, Monteneqronun Azərbaycanda öz diplomatik missiyasını açmaq niyyətini əks etdirən notanı Azərbaycan tərəfinə təqdim etdiyini bildirib. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- Monteneqroda Yeni il şənlikləri qadağan olundu
- Monteneqro Prezidenti İlham Əliyevi təbrik edib
- Monteneqronun Baş naziri Azərbaycana gəlib
- Monteneqro Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib
- Monteneqro Prezidenti Azərbaycana səfərə gələcək
- Monteneqro Bakıda nümayəndəlik açır
- Monteneqro parlamentinin sədri Azərbaycandadır