Davos Forumundan nə qazandıq?


18:36     25 Yanvar 2016 cebra.PNG


Forum dünyada ciddi maliyyə, miqrant böhranlarının və neftin ucuzlaşdığı bir vaxtda baş tutdu. Dünyada baş verən iqtisadi və siyasi proseslər Azərbaycandan da yan keçmir. Maliyyə böhranın baş verməsi dünyanın digər dövlətləri ilə yanaşı Azərbaycanı da yeni gəlir mənbələri axtarmağa sövq edir.

Təbii ki, dünyada baş verən siyasi-iqtisadi böhran ərəfəsində ölkə başçısının bu səfəri olduqca əhəmiyyətli və vacib idi. Məlum olduğu kimi bu konfrans siyasi-iqtisadi tədbir xarakteri daşıyır. Davos forumuna təkcə xarici ölkələrin liderləri deyil, eyni zamanda dünyanın aparıcı şirkətlərinin rəhbərləri də iştirak edirdilər. Odur ki, belə bir mötəbər tədbirdə ölkə başçısının dünya liderləri ilə yanaşı, böyük şirkətlərin rəhbərləri ilə görüşü təqdirəlayiq haldır. Hazırkı situasiyada Azərbaycana xarici investorlarcəlb olunmalı və ölkəmizə müəyyən miqdarda kreditlər ayrılmalıdır.

Bütün bunları nəzərə alaraq Azərbaycanda sağlam biznes mühitinin mövcudluğu çox vacibdir. Cənab prezidentin forum çərçivəsində keçirdiyi görüşlərin əsas əhəmiyyəti ondan ibarətdir ki, ölkə başçısının bura dəvət etdiyi xarici investorlar ölkəmizdəki şəffaf biznes mühitini gördükdən sonra ölkəmizə yatırım etmək istəyəcəklər. Bundan əlavə Azərbaycan siyasi elitası dünyanın böyük korporasiya mərkəzlərinin diqqətini daim Azərbaycana çəkməyə çalışır və bu istiqamətdə xeyli uğur əldə edib. Həmçinin Azərbaycan özü artıq dünya əmək bölgüsündə uğurla iştirak edir, dünyaya özünü təkcə neft yox, qeyri-neft ölkəsi kimi də tanıdır.

Odur ki, ölkə başçısının forum çərçivəsində keçirdiyi görüşlər, apardığı danışıqlar istər iqtisadi problemlərin həlli istiqamətində, istərsə də region və dünya üçün uğur gətirəcək həll yollarının tapılmasında Azərbaycanın rolunu artıracaq. Bundan başqa, cənab prezidentin Davos Dünya İqtisadi Forumunun rəsmi saytında “Azərbaycan İqtisadiyyatının gələcəyi”adlı məqaləsinin dərc edilməsi Azərbaycan iqtisadiyyatının bugünkü vəziyyətini, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol və xarici səhmdarları cəlb etmək baxımından çox əhəmiyyətlidir. İqtisadi forumun “Yeni enerji tarazlığı” adlı sessiyada cənab prezidentin çıxışı dünya iqtisadi inkişafı ilə bağlı müəyyən proqnozların verilməsi və iqtisadi böhrandan çıxış yolları göstərmək baxımından çox faydalı idi.

Hesab edirəm ki, ölkə başçısının forumda iştirakı ikitərəfli və çoxtərəfli əməkdaşlıq prizmasından yanaşdıqda çox faydalıdır və ölkə iqtisadiyyatı üçün əlavə dividentlır vəd edir. Digər tərəfdən prezidentin forumda iştirakı ölkəmizin beynəlxalq arenada, siyasi-iqtisadi münasibətlərdə faəl öyunçu olduğunu bir daha sübut etdi.

Ümumiyyətlə Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər Azərbaycanın iqtisadi nailiyyətərinin dünyanın işgüzar dairələrinin diqqət mərkəzində olmasından xəbər verir.

Belə ki, "SK Group" şirkətlər qrupunun sədri Çey Tae-von, "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund, "TeliaSonera Eurasia" şirkətinin prezidenti Tero Kivisaari, "Edison" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino, "Huawei Technologies" Korporasiyasının sədri SunYafanq, Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov, TOTAL şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri, BP şirkətinin Direktorlar Şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq, "Microsoft" Korporasiyasının vitse-prezidenti və "Microsoft İnternational" şirkətinin prezidenti Jan-Filip Kurtuanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri dünyanın böyük və aparıcı şirkətlərinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini təsdiqləyir.

Beləliklə, son Davos Forumunu da Azərbaycan üçün uğurlu saymaq olar. Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu. Bu isə o deməkdir ki,Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması və qüdrətli dövlətə çevrilməsi dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilir.

Cəbrayıl Fərzəliyev
Femida.az

Açar sözlər:

Oxunub: 1810


Oxşar xəbərlər