“Namusa görə arvadını öldürən kişi özü namussuzdur” - Mehriban Zeynalova


17:19     09 Mart 2016 2%20(4).jpg

“Beylənxalq təşkilatlar pul verirdilər ki,hakimiyyəti söyün.”


Femida.az "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri , hüquq müdafiəçisi Mehriban Zeynalova ilə müsahibəni təqdim edir.

- Mehriban xanım, əvvəlcə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə sizi təbrik edirəm. İlk sualı da qadınlarla bağlı vermək istəyirəm. Bir müddət öncə müsahibələrinizinin birində demişdiniz ki, qadını xoşbəxt və güclü olan bir ölkənin millət vəkili olmaq istəyirəm. Biz necə edə bilərik ki, qadınlarımız güclü və xoşbəxt olsunlar.

- Güclü olmaq elə xoşbəxt olmaq deməkdir. Çünki güclü qadın çətin vəziyyətdə kiməsə tabe olmur, aciz qalmır. Güclü qadın zəif qadından fərqli olaraq problemdən çıxış yolunu asanlıqla tapa bilir. Xoşbəxtlik də nisbi məsələdir. Fikrimcə, xoşbəxtlik uzun müddət davam etməyən emosianal haldır. Demək olar ki, xoşbəxtlik xüsusi bir anlayışdır. Onu hiss etmək lazımdır.







- Azərbaycan qadını nə istəyir?

- Azərbaycan qadını müxtəlif təbəqəyə bölünür. Ümumi götürəndə qadınlar ərə getmək, uşaq sahibi olmaq və normal yaşayış istəyir. İkinci kateqoriyaya aid olan qadınlar istəyirlər ki, qızılı, var-dövləti olsun. Bir qrup qadınlar da var ki, onlar özlərini təsdiq etmək, irəli getmək istəyir. Bu cür qadınlar çox azdır. Bir kateqoriya var ki, bütün hadisələrə çox sadə baxır. Onlar cəmiyyətdə olan digər qadınlardan fərqlənir. Ümumiləşdirəndə Azərbaycan qadını mərdlik xüsusiyyətinə görə fərqlənir.

- Bəs qadının patensialı ilə istəkləri üst-üstə düşməyəndə nə baş verir?

- Bəzi qadınlar var ki, sakit, normal ailədə böyüyüb. Onlar zorakı mühitə düşəndə çətinliklə qarşılaşırlar. Onlar əsl qurbanlardır. Bir qrup qadınlar da var ki, onlar zorakı mühitdən çıxıb, normal mühitə düşəndə orada rahat ola bilmirlər. Qadınlar da var ki, zorakılıq mühitindən çıxıb, başqa zorakı mühitə düşür. Bu qadınlar çalışırlar ki, gördüklərini digərlərinə də yaysınlar.

- Mehriban xanım, sığınacaqda vəziyyət nə yerdədir.Hansı problemləriniz var?







- Sığınacağa müraciət edənlər çoxdur. Bəzi hallarda onları götürə bilmirik. Çünki yer balacadır. Bu yaxınlarda bizə həyət evi təklif ediblər. Həmin evə köçəndən sonra yer məsələsi də həll olunar. Hesab edirəm ki, kəmiyyət yox, keyfiyyət lazımdır. Çox vaxt sığınacağa müraciət edənlər düşünür ki, bura yataqxanadır. Onlar müəyyən müddətdə burada qala bilərlər. Biz onları qəbul etmirik. Sığınacağa həyatı təhlükədə qalan, ailələri tərəfdən qəbul edilməyən, hansısa cinayətkar qruplar tərəfindən təhlükədə olan insanları qəbul edirik.İlkin qiymətləndirmədə bunu müəyyən edirik. Elə olur ki, uşaqlı qadınlar olur. Onlardan imtina edə bilmirik.

- Bütün çətinliklərə baxmayaraq planlarımız çoxdur. Bizim əsas problemimiz qadınların işlə təmin edilməsidir. Bu yaxınlarda bir qadını mühafizə işinə düzəltdik. Digəri isə dövlət qurumlarının birində işə düzələcək. Artıq proses gedir.İş məsələsini həll etsək problemin bir hissəsindən qurtulmuş olarıq.

- Həmin qadınlar sığınacaqda neçə müddət qala bilər?

- Sığınacaqda 15 nəfər qadın qala bilər. Qalma müddəti isə şəxsin vəziyyətindən asılıdır. Əsas məsələ qadına iş tapmaqla onun iqtisadi cəhətdən gücləndirməkdir. Çünki qadın ayaqda durmaq üçün iqtisadi dayağı və müəyyən kapitalı olmalıdır. Burada həm reablitasiya prosesi gedir, həm də qadınlar cəmiyyətə inteqrasiyaya hazır olurlar. Sığınacaqda müxtəlif cür insanlar olur. Burada qadınlar bir məktəb keçirlər.Onlar həm də bir-birininin problemlərini görür və bir-birlərinə dəstək də olurlar. Bu cəhətdən sığınacağın rolu və təsiri böyükdür.







- İşinizin böyük hissəsi hüquq mühafizə orqanları ilədir. Hansı qurumlarla işiniz alınmır?

- İş prosesində biz aidiyyatı qurumlara rəsmi müraciət edirik. Ən çox Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edirik. Onlardan dərhal və müsbət cavab alırıq. Prokurorluqla da yaxşı əməkdaşlığımız var. Bir il əvvəl 52 yaşında qadın gəlib demişdi ki, məni zorlayıblar. Həmin işi araşdırmaq üçün prokurorluqdan bizə böyük yardım edildi. O zaman müəyyən oldu ki, qadın müəyyən şeyləri yalan deyib. Məhkəmələrə də müraciətimiz cavabsız qalmır. Amma hakimlər müxtəlif ola bilir. Bəzi hakimlər streotiplərdən çox asılıdır. Bu polislərdə də var. Bir dəfə bir qadın məişət zorakılığı ilə bağlı müraciət etmişdi. Həmin vaxt qadını evdən çıxartmaq istəyəndə polisdən çətinliklə dəstək ala bildik. Çünki, qanunda da polis məişət zorakılığına görə şəxsi azad edə bilmir. Buna baxmayaraq sonda biz çevik polis alayının köməyi ilə həmin qadını azad etdik. İndi o dünyaya uşaq gətirib.

- Bir müddət əvvəl sığınacağın bağlanması təhlükəsi yaranmışdı. İndi vəziyyət nə yerdədir?

Vəziyyət yenə də çətindir. Bəlkə də sizə qəribə gələcək. Vəziyyətdən çıxmaq üçün bir müddət peraşki bişirib, satdıq. Bu onun üçün idi ki, həm sığınacağı dolandıraq, həm də qadınlar çətin vəziyyətdə özlərini idarə edə bilsinlər. Kommunal xərclərimiz də çoxdur. Dəfələrlə bunlardan azad olunmaq üçün müraciət etsək də azad etmədilər. Biz gəlir götürməyən təşkilatıq.

- Həssas qruplarla hazırda həyata keçirdiyiniz proqramlar varmı?

- Həssas qruplarla həmişə işləyirik. Bizim bir istiqamətimiz də insan alveri qurbanları ilə işdir. Buna görə də həssas qrupların köməyindən istifadə edirik. Yeni planımız var ki, rayonlarımızı gəzib, problemləri olan qadınlarımızla, onların problemləri ilə maraqlanaq. Onların da maarifləndirilməsinə ehtiyac var.


- Son dövrlər selektiv abortların sayı artıb. Bu cəmiyyətdə gender balansının pozulmasına gətirib çıxara bilər. Bununla bağlı fikirləriniz nədir?

- Bunu təkcə mən yox, dövlət də görür. Bu barədə müzakirələr də aparılıb. Son statistikalar göstərir ki, Azərbaycanın gələcək genefondunun gender balansınınn pozulmasına gətirib çıxara bilər. Bu çox ciddi məsələdir. Böyük problem olaraq qalır.







- Donor təşkilatları maliyyə yardımını dayandırdıqdan sonra QHT-lərə hansı çətinliklər yaranıb.?

- Donor təşkilatlar artıq yoxdur. Yeni qanunvericiliyə görə xaricdən yardım almaq olduqca çətindir. Orada olan şərtlərlə xarici donor təşkilatları razılaşmaya gəlmirlər. Yerli donorlar isə demək olar ki, yoxdur. Hesab edirəm ki, sığınacaq saxlayan təşkilatlarla donorlar maraqlı layihə təqdim etməlidirlər. Bu gün qurulmuş sığınacaqlara maliyyə dəstəyi olmalıdır.

- Hüquq müdafiəçisi necə olmalıdır?

- Elələri var ki, beynəlxalq və yerli qanunlardan xəbəri olmayanlar özünü hüquq müdafiəçisi adlandırır. Mənə bir dəfə sual verdilər ki, sən necə hüquq müdafiəçisisən ki, çox sakitsən. Cavab verdim ki, hüquq müdafiəçisi qışqırmaqla yox, qanunla cavab verməlidir. Bu gün kim qışqırırsa onu qəhrəman kimi təqdim edirlər. İnsanlar var ki, televiziyalara hüquq müdafiəçisi kimi dəvət edilirlər. Onların heç qanunlardan xəbərləri belə yoxdur. Qışqırmaqla hüquq müdafiəçisi olmur. Bunun da əsasını beynəlxalq təşkilatlar qoydu. Onlar belə şərt qoyurdular ki, sən höküməti söy, sənə yaxşı maliyyə ayıracam. Amma, bu tamamilə səhv yoldur. Hüquq müdafiəçisi qanunla hər bir hadisəyə münasibət bildirməlidir. Təəssüf edirəm ki, çox bəsit və sahəsini bilməyən adamlar bu gün verilişlərdə ekspert kimi dəvət edilir. Onlardan qanunun bir bəndini soruşsan cavab verə bilməzlər.


Hesab edirəm ki, arvadını namus adı qoyub öldürən kişilər əslində özləri namussuzdur…


- Son zamanlar mətbuatdan da müşahidə edirik ki, cinsi yolla yoluxan xəstəliklərin sayı getdikcə çoxalır. Bunu donor təşkilatların repuraduktiv sağlamlıqla bağlı ayırdığı maliyyəni dayandırmağı ilə əlaqələndirmək olarmı?

- Əslində nikaha daxil olanların məcburi tibbi müayinədən keçməsi qanununun qəbulu bir məsələni aşkarladı ki, cinsi yolla keçən xəstəliklərin vəziyyəti təhlükəlidir. Amma bunu mətbuatda başqa cür vermək evlənmək istəyənlər üçün qorxu yaradır. Mən əvvəlcədən demişəm ki, bu tibbi yoxlamalar qeyri-rəsmi nikahların sayının artmasına səbəb olacaq. Mətbuatın da rolu burada böyükdür. Ancaq bu müəyyən dövrü əhatə edəcək.

- Mehriban xanım, mətbuatdan da izləyirik ki, ailədaxili zorakılıq nəticəsində öldürülən qadınların çox hissəsini namus, qısqanclıq və bu kimi hallarla bağlıdır. Sizcə, bu medianın günahıdır, yoxsa, cəmiyyətin?

- Əsasən bu sovetlər dövründən qalan bir psixologiyadır. Onlar belə düşünürlər ki, namus üstündə arvadını öldürəndə cəzası yüngül olacaq.Yaxud da bəraət alacaq. Amma bu tamamilə yalnış bir düşüncədir. Biz qanunlarla idarə olunan bir ölkənin vətəndaşıyıq. Hesab edirəm ki, arvadını namus adı qoyub öldürən kişilər əslində özləri namussuzdur.

- Mental dəyərlər qadını qoruyur, yoxsa ona mane olur?

- Mental dəyərlər qalıbmı? Əslində mən dəyələri iqtisadi amillərlə bağlayıram. Əgər bu gün övlad anasını qocalar evinə qoyursa, qardaş bacı ilə mülk davası edirsə, artıq biz dəyərlərimizdən uzaqlaşırıq. Vaxt var idi ki, müğənni olmağa heç kim razı olmurdu. Amma bu gün kişi qızının əlindən tutub müğənni olmağa aparır. Bu da iqtisadi amillərlə bağlıdır. Çünki, bu gün müğənnilikdən gəlir əldə etmək nisbətən asandır. Hazırda bizim heç bir mental dəyərlərimiz qalmayıb.

- Bu gün qadın hüquq müdafiəçiləri az saydadır. Bunun səbəbi nədir?

- Bu fədakarlıq tələb edən sahədir. Həm də ədalətsiz sahədir. Bir anın içərisində səni həm məhv, həm də qaldıra bilərlər. Amma bu gün çoxları deyir ki, mən hüquq müdafiəçisiyəm. Hansı ki, hüquqdan anlayışları belə yoxdur.(red- gülür)

Hüquq müdafiəçisi hər yerdə ədaləti qorumağı bacarmalıdır. Biz seçkiyə gedən vaxt mənə dedilər ki, sən siyasi məhbuslardan danış və diqqəti cəlb et. Amma mən ondan danışmadım. İllərlə bu sahədə susmuşam. Birdən birə durub danışsam normal görünməz. Ona görə də hüquq müdafiəçisi ədalətlik prinsipini pozmamalıdır.

- Sizin işinizin bir hissəsi də mətbuatla əlaqəlidir. Bu gün mətbuatın cəmiyyətə təsir gücü nə dərəcədədir?

- Həmişə demişəm və deyəcəm də Mehriban Zeynalova və digər bu sahədə çalışan qadınlar mətbuata çox şeyi borcludurlar. Mən 1998-1999-cu illərdə gecə klublarında araşdırma aparanda mətbuat mənim yanımda idi. Hansısa bir problem gündəmə gətirməkdə mətbuatın gücü olub. Ola bilər ki, hansısa mətbuat səni tənqid edə bilər. Bu o demək deyil ki, o səninlə düşməndir. Bu gün mətbuat çox güclüdür. Onlarla da işləməyi bacarmaq lazımdır. Jurnalistlər çox böyük hörmətə layiqdirlər. Sən o zaman lider olursan ki, mətbuat səni nəzarətdə saxlayır və səni lider edir. Ancaq olur ki, mətbuat həqiqətə uyğun olmayan yazı da yazır. Bunlar yol verilməzdir. Bir daha deyirəm ki, Mən, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva və digərləri mətbuatın sayəsində tanınıb. Bunu danmaq olmaz.



- Bəs elə mətbuat orqanı varmı ki, münasibətləriniz kəskin pisdir?

- Məndə bu xüsusiyyət yoxdur. Pis münasibətdə olduğum mətbu orqanı yoxdur. Jurnalist dostlarım çoxdur.

- Keçən il sizin adınız müəyyən mətbuat orqanı və keçmiş millət vəkili Gültəkin Hacıbəyli ilə məhkəmə prosesində hallandı. Məhkəmə prosesi nə yerdədir?

- Həmin məhkəmə prosesi Nərimanov rayon məhkəməsində davam edəcək. İlkin məhkəmə zamanı problem yaşandı. Məhkəmə bizə birinci çağırışı göndərmədən ikinci çağırışı göndərmişdi. Mənim vəkilim həmin vaxt başqa məhkəmə prosesi olduğundan gedə bilməmişdi. Bu proses Ali Məhkəməyə qədər getdi. Biz təzədən işin ilkin mərhələyə qaytarılmasına nail olduq. Proses çox uzanır. Bu qarşı tərəfin vəkilinin taktikasıdır. Onlar düşünürlər ki, vaxt keçər, mənim aqresiyam keçər. Amma belə deyil. Onlar mənim işgüzar nüfuzuma xələl gətirib. Onlar iddia ediblər ki, mən insan alverçisi ilə əlbir olmuşam, pul almışam. Məni tanıyan bilir ki, bu böhtandır. İndi tələb edirəm ki, dediklərini sübut etsinlər. Bu məsələ mənim illərlə qoyduğum əməyə zərbədir.

- Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə iş birliyiniz varmı?

- Onlarla aktiv iş birliyim yoxdur. O komitə tərəfindən həmişə məhdudiyyət görmüşəm. Bu gün onlar haqqında bəzi fikirlər söyləyirlər. O haqda danışmaq istəmirəm. Bakıda yeganə qadın sığınacağının rəhbəri kimi deyə bilərəm ki, Komitədən bir dəfə də olsun bizimlə maraqlanan və əməkdaşlıq edən olmayıb. Bəzi hallarda adımı siyahılardan çıxarıblar.

- Son dövrün əsas müzakirə mövzularından biri də boşanmalardır. Sizcə, bunun kökündə nə dayanır?

- Bizim sığınacağa gələnlərin vəziyyətini qiymətləndirən zaman araşdırırq ki, bunların barışması üçün nə qədər yol var. Bunu araşdırırq. Bəzən elə xırda səbəblər olur ki, insana qəribə gəlir. Çox zaman iqtisadi amillər burada rol oynayır. Məişət zorakılığı da çox müşahibə olunur.

Müsahibə üçün təşəkkür edirik.


Miri Məcidli
Fotolar:Elvin Abdulla
Femida.az

Açar sözlər:

Oxunub: 15326


Oxşar xəbərlər