Gizli səs yazısını yayanlar hansı məsuliyyəti daşıyır? - HÜQUQİ ŞƏRH


02:02     13 Oktyabr 2017 img1558935.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfə araşdırdığımız mövzu şəxsin xəbəri olmadan onun səsinin qeydə alınması və onun KİV-lərdə yayılması məsələsidir. Bu mövzu aktual olduğundan peşəkar hüquqşünasların da mövqeyini öyrəndik.

Şəxsin razılığı olmadan onun səsinin yazılması və yayılması hansı məsuliyyətə səbəb ola bilər? sualını hüquqşünas Fərid Ələkbərov cavablandırıb.

“İlk olaraq qeyd edim ki, şəxsin razılığı olmadan ona məxsus hər hansı bir səs, yaxud video yazısının yaymaq olmaz. Audio məlumat hər hansı bir sirri yaymırsa (təhqiqat və ya ibtidai istintaqa aid məlumatlar) və yaxud şəxsi həyatın (ailə və şəxsi həyata aid sirr) toxunulmazlığına xələl gətirmirsə müvafiq şəxs praktikada məsuliyyətə cəlb edilmir.

Amma, qanunvericilik də öz növbəsində kiminsə səs və yaxud video yazısının kütləvi informasiya vasitələrində yayılmasına görə birbaşa olaraq nə cinayət, nə də inzibati məsuliyyət nəzərdə tutub (ailə və şəxsi həyatına aid məlumatlar və istintaq sirrinə aid məlumatlar istisna olmaqla).

Elə bir məlumatı yayan şəxs intizam və ya mülki-hüquqi məsuliyyətə cəlb edilə bilər. Səs yazısı böhtan xarakterlidirsə o zaman cinayət məsuliyyəti (C.M. 147-ci maddə) yaranmış olur. Böhtan yoxdursa mülki xarakterli pozuntudur.


Hüquqşünas Faiq Nağıyev : “ AR Konstitusiyasının 32-ci maddəsi hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu təsbit edir və hər kəsin yazışma telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət tərəfindən təminat verir. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

AR Konstitusiyasının 32-ci maddəsinə əsasən , öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Mövcud olan qanun pozuntuları səbəbilə, AR Konstitusiyasının 32-ci maddəsinə əlavələr edilməsi zərurəti yaranmışdır. Bu dəyişiklik hazırki sualda da yer almış Konstitusyon hüquq pozuntusuna bənzər pozuntulardan vətəndaşların hüquqlarını qorumaq məqsədilə edilmişdir. Daha doğrusu bu kimi pozuntuların vüsət alması səbəbilə qeyd edilən dəyişikliyə mütləq zərurət olmuşdur. Məhz bu məqsədlə də 18 mart 2009-cu il tarixdə referendumla Konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə aşağıdakı məzmunda dəyişiklik edilmişdir:

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Habelə yuxarıda qeyd edilən referendumla həmin maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilmişdir:

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
Gördüyümuz kimi ölkənin ən Ali qanunu şəxsi toxunulmazlıq hüququna istənilən müdaxiləni qadağan edir və bunun mümkünlüyünə yalnız müstəsna hallarda- Qanunla müəyyən edilmiş hallarda yol verir.

Bu istisna hallar isə Əməliyyat Axtarış fəaliyyəti haqqında AR Qanununda təsbit edilmişdir. Həmin qanuna nəzər saldıqda isə qeyd olunan hallar arasında hazırki sualdakı şəraitə uygun olan və həmin sübutu qanuniləşdirən hər hansı səbəb mövcud deyildir.

Habelə qanunverici AR CPM –nin 16-cı maddəsində yuxarıda qeyd etdiyimiz Konstitusiya normasına əsaslanmaqla şəxsi həyatın toxunulmazlıq hüququnun mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq cinayət təqibi orqanı tərəfindən qorunmalı olmasını təsbit edir.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 15251